Bu problemin həllində onlara xilasetmə halqasını Rusiya və Çin atacaq Bu problemin həllində onlara xilasetmə halqasını Rusiya və Çin atacaq

Türkmənistanda niyə ərzaq tapılmır? - Tanınmış sayt bu suala cavab axtarmağa çalışıb

Bu problemin həllində onlara xilasetmə halqasını Rusiya və Çin atacaq

Hazırda Türkmənistan özünün pis dövrünü yaşayır. Ölkə əhalisi ərzaq qıtlığı ilə üz-üzə qalıb. Bu da keçmiş SSRİ-nin 1980-90-cı illərini xatırladır. Həmin vaxt insanlar şəkəri, siqareti və bir çox gündəlik tələbat məhsullarını talonla alırdılar.

Türkmənistanın bugünkü mənzərəsi də eynidir. Mağazalarda un, çörək, ət tapılmır. Yağın, şəkərin, süd məhsullarının qiyməti xeyli bahalaşıb. Siqaret və kolbasa almaq üçün insanlar bir ay öncə növbəyə yazılırlar. Ölkə rəhbərliyi isə bu vəziyyəti şərh etmək istəmir. Yerli media yazır ki, ölkədə heç bir ərzaq qıtlığı yoxdur, əhalinin yaşayış səviyyəsi çox yüksəkdir.

Lenta.ru saytı "Türkmənistanda doğrudan da nə baş verir?" sualına cavab axtarmağa çalışıb.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, Türkmənistan əhalisi hər günə nəzərdə tutulan 3 çörəyi almaq üçün səhər tezdən mağazalarda növbə saxlayır.

Ancaq heç kəs sonda çörək alacağına inanmır. Ət, yumurta, şirniyyat məhsulları tapmaq isə qeyri-mümkündür.

Artıq bir neçə aydır ki, ölkəyə siqaret gətirilmir, benzin ehtiyatı da tükənmək üzrədir. İş adamları pullarının dəyərini qorumaq üçün bahalı elit villalar alırlar.

Yerli media, xüsusilə dövlət kanalları deyir ki, hər şey dövlətin nəzarətindədir. Ancaq görülənlər bunların əksini deyir.

Vəziyyət əyalətlərdə və böyük şəhərlərdə daha acınacaqlıdır. Bu yerlərə ərzaq çox gec gətirilir. Sakinlər nəsə almaq üçün Aşxabada gedirlər. Onları isə çox zaman hüquq-mühafizə orqanlarının əməkdaşları geri qaytarırlar. Bəzən gözdən yayınıb paytaxta gedənlərin ərzaqları əllərindən alınır, özləri də cərimələnir.

Əslində Türkmənistan keçmiş SSRİ məkanında ən qapalı ölkədir. Burada heç kəsin ölkədə nə baş verdiyindən xəbəri belə yoxdur. Ancaq təbii ehtiyatları bol olan bu məmləkətdə vəziyyət əvvəllər başqa cür olub. Dövlət əhalini kommunal xərclərindən azad edib, hətta bir çox ərzaq məhsulları əhaliyə pulsuz paylanılıb.

Neft və qazdan gələn gəlir isə ölkədə əsasən tikinti sektoruna yönəlib. Fars körfəzi ölkələrində olduğu kimi burada da bir çox binaların fasadı ağ mərmərlə örtülüb. Türkmənistanın 1-ci prezidenti Saparmurad Niyazovun 2000-ci ildə başladığı bu stilə görə Aşxabad Ginnesin rekordlar kitabına düşüb. Bu gün paytaxtda 600 binanın fasadı ağ mərmərlə örtülüb.

"Qaldığım oteldə qiymətlər tez-tez qalxırdı. Türkmənlər kafedə hər gün menyunu belə dəyişməyə ərinmirdilər. Bunun səbəbini soruşduqda isə gözlərini döyürdülər və üzlərini turşudurdular". Lenta.ru-nun müxbiri belə yazır.

Əməkdaşımız Natalya Smirnova Türkmənistandan ezamiyyətdən qayıtdıqdan sonra deyib ki, bu ölkədə nəyin baş verdiyini anlamaq üçün sadəcə Kafkanın "Proses" romanının süjet xəttini yada salmaq lazımdır: "Boş yerə həyəcan yüksəlir. Bunun nədən olduğunu bilmirsən. İndinin özündə də Aşxabada səfərimi yada salanda boş yerə həyəcanlanıram, sanki ağlımı itirirəm".

Ölkə rəhbərliyi hesab edir ki, bu problemin həllində onlara xilasetmə halqasını Rusiya və Çin atacaq. Ancaq kimin kömək edəcəyindən asılı olmayaraq rəsmi Aşxabadın da özünün bir xilasetmə planı olmalıdır. Bu planda isə növbəti ağ mərmərli sarayların tikintisi yer almamalıdır...

Babək Göyüş

AzNews.az