“Oğlumun qətli sifariş idi” - İdmançının anası

Qazaxıstanlı fiqurlu konkisürən Denis Tenin anası hesab edir ki, idmançının qətli sifariş edilib.

Qazaxıstanlı fiqurlu konkisürənin ötən yay qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar meydana çıxıb və iş yenidən araşdırılması üçün istintaqa göndərilə bilər.

İdmançının anası qətlin sifariş olduğu qənaətindədir.

Tenin anasının maraqlarını müdafiə edən vəkil Nurlan Ustemirovun sözlərinə görə, cinayət işinin materialları ilə tanışlıq zamanı istintaqda ciddi ziddiyyətlərin olduğu müəyyən edilib:

“Hesab edirik ki, bu, sifariş edilmiş bir cinayət idi”.

Fiqurlu konkisürənin qohumlarının və vəkillərinin fikrincə, əlavə istintaq araşdırmalarının nəticəsində qətlin “təhrikçilər”i müəyyən edilməlidir. Bununla əlaqədar olaraq zərərçəkmiş tərəf işin yenidən araşdırılması üçün istintaqa göndərilməsini tələb edib.

Ten iyulun 19-da Almatıda qətlə yetirilib. Qazaxıstan polisinin verdiyi məlumata əsasən, idmançı iki nəfər avtomobilinin güzgülərini oğurladıqları zaman onlarla əlbəyaxa olub və aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.(oxu.az)

© AzNews.az