Çində “bir uşaq” siyasəti aradan qalxsa da, uşaqların sayı azalır. Çində “bir uşaq” siyasəti aradan qalxsa da, uşaqların sayı azalır.

Çində uşaqların sayı azalır

Çində “bir uşaq” siyasəti aradan qalxsa da, uşaqların sayı azalır.

Çində 30 ildən çox davam edən və ölkənin inkişaf strategiyasının bir hissəsi kimi dəyərləndirilən “bir uşaq” siyasətinın aradan qaldırılmasına və ailədə iki uşağa icazə verilməsinə baxmayaraq, doğulan körpələrin sayının azalmanın qarşısını almaq mümkün olmur.

Çinin Milli Statistika Bürosu 2018-ci il üçün əhalinin artım sayı barədə məlumat dərc edib. Doğuşların miqdarının azalması və əhalinin artım səviyyəsi, yaşlı əhalinin çoxalması və əmək qabiliyyətli insanların sayının azalması kimi statistik göstəricilər iki uşaq siyasətinin də doğuş sayını artırmağa təkan vermədiyini üzə çıxarıb.

Dərc olunan sənədə əsasən, ölkədə 2018-ci ildə 15 milyon 230 min uşaq dünyaya gəlib və 9 milyon 930 min nəfər ölüb. Çin əhalisi ötən ildə 5,3 milyon nəfər artaraq 1 milyard 395 milyon 380 minə çatıb.

Qeyd edək ki, ölkədə “bir uşaq” siyasəti 2016-cı il yanvarın 1-də aradan qaldırılıb və ailələrə ikinci uşaq sahibi olmağa icazə verilib. Buna baxmayaraq, 2016-cı ildə doğulan körpələrin sayı 2000-ci ildən bəri ən yüksək səviyyəyə çatsa da, 2017-ci ildə əvvəlki illə müqayisədə 600 min nəfər azalıb. Həmçinin 2018-ci ildə anadan olan uşaqların sayı da 2017-ci ilə nisbətən 2 milyon az olub.

Hələ də dünyanın ən çox əhalisinə və ikinci ən böyük iqtisadiyyata malik Çində 2018-ci ildə doğulan körpələrin sayı ölkə tarixində 1961-ci ildən bu yana ən aşağı göstəricidir.

Buna əsas səbəb kimi ölkədə yaşayış xərclərinin artması, aşağı gəlir və xalqın “bir uşaq” siyasətinə öyrəşməsi göstərilir.(AZƏRTAC)

© AzNews.az