Bu sistem Yaponiyada bir ilkdir. Bu sistem Yaponiyada bir ilkdir.

Yaponiya da eynicinsli münasibətləri tanıdı

Bu sistem Yaponiyada bir ilkdir.

Yaponiyanın Tiba şəhərində ölkədə ilk dəfə olaraq eynicinsli münasibətləri rəsmən tanıyıblar.

Bu barədə “Mainichi” qəzeti məlumat dərc edib.

Yanvarın 29-da rəsmi nikah bağlamayan insanlar və gey cütlüklər arasında münasibətləri təsdiqləyən xüsusi sertifikatların verilməsi mərasimi keçirilib. Tədbirdə altı cütlük iştirak edib. Tiba şəhərinin meri Tosixito Kumaqai onlara xoşbəxtlik arzulayıb.

Rəhbərlik qeyd edib ki, şəhərdə tətbiq edilən bu sistem Yaponiyada bir ilkdir. Bu sertifikatlar sahiblərinə xüsusi imtiyazlar vermir, lakin adi ailələr üçün olan müxtəlif xidmətlərdən və üstünlüklərdən istifadə etməyə imkan yaradır.

Xüsusilə artıq cütlüklər dövlət tərəfindən yaşayış yeri ilə təmin olunmaq üçün müraciət edə bilərlər. Tədbirdə iştirak edən 56 yaşlı Ryuta Yanase ümid etdiyini bildirib ki, sertifikat sevgililəri xəstəxanaya düşdüyü zaman onlara baş çəkməyə də imkan verəcək.

Bu sənədi əldə etmək üçün müraciət edənlər bir sıra tələblərə cavab verməlidirlər. Onların yaşı 20-dən az olmamalı və ailəli olmamalıdırlar. Tokionun mərkəzindən 40 km şərqdə yerləşən Tibada yaşamalı və ya yaşamağı planlaşdırmalıdırlar.

Qeyd olunur ki, Tibada bu sistemin tətbiq edilməsi digər şəhərlərdə oxşar qaydaların tətbiqindən sonra baş verib. Belə ki, eynicinsli münasibətləri Tokionun Sibuya və Setaqaya rayonlarında, həmçinin, Sapporo, Fukuoka və Osakada tanımaq istəyirlər.

Yaponiyada rəsmi olaraq eynicinsli nikahlara icazə verilmir.

“Mainichi” qeyd edir ki, buna görə qeyri-ənənəvi cütlüklər diskriminasiya ilə üzləşirlər. Məsələn, insanlar öz tərəfdaşlarının ölməsi halında vəsiyyətnamə mövcud olmazsa, onun varisi ola bilməzlər, həmçinin, ənənəvi ailələrdən olan vətəndaşlar kimi vergi güzəştləri əldə edə bilməzlər.(oxu.az)

© AzNews.az