- İntellektual baxış
- 15:09
- 1 735
TƏZƏ NECATİ BƏYLƏR
Dünən Beynəlxalq Ana Dili Günü idi.
Bizim Ana dilimiz Azərbaycan dilidir.
Bu, Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapıb və Konstitusiyasının bu maddəsi dəyişdirilə bilməz.
Konstitusiyada dilimizin adının "Azərbaycan dili" kimi təsbit olunması millətləşmə prosesinin və dilçilik elminin tarixi inkişafının məntiqi nəticəsidir.
Qısa şəkildə bir-bir incələyək.
Əvvəla, dövlətin hüquqi-siyasi özünüifadəsi Azərbaycan dili üzərindən qurulub. Bu o deməkdir ki, müstəqil dövlətimiz hüquqi-siyasi baxımdan özünü məhz Azərbaycan dilində ifadə edir. Dövlət idarəçiliyi, təhsil, hüquq sistemi Azərbaycan dilinə əsaslanır və dilimiz suverenliyimizin atributlarından biridir.
İkinci. Biz adətən "ədəbi dil" terminindən istifadə edirik və bu, bəzən məsələnin manipulyasiya edilməsinə rəvac verir. Odur ki, gəlin, "ədəbi dil" yox, onunla eyni məzmun daşıyan "standart dil" terminindən istifadə edək.
Dil standartlaşması müxtəlif dialekt və danışıq formaları içərisindən vahid, ümumi qəbul edilmiş linqvistik norma sisteminin formalaşdırılması prosesidir. Bu prosesin getməsi üçün urbanizasiyanın genişlənməsi və milli kommunikasiya məkanının yaranması lazımdır. Nəticədə standart dilin öz funksiyalarını icra edə bilməsi üçün müəyyən mənada süni bir sistem yaranır.
Dünyada mövcud olan bütün ədəbi, yaxud standart dillər, bəli, müəyyən mənada sünidir.
Eyni zamanda, heç bir ədəbi, yaxud standart dil birdən çox ola bilməz. Çünki standart dilin əsas məqsədi "vahid normativ sistem" olmaqdır. Əgər tarixi, siyasi, mədəni unikallığa malik məkan daxilində iki və ya daha çox paralel “standart” mövcud olarsa, artıq ortaq norma anlayışı dağılır və kommunikasiya məkanı parçalanır.
Bu məqamda Prezident İlham Əliyevin, fikrimcə, çox sərrast ifadə etdiyi bir çağırışı yada düşür:
"Bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz".
Çox təəssüf ki, bizim dilimizi başqa dillərin nəinki kölgəsində qoymaq, hətta bir "ləhcəsinə" çevirmək istəyənlər var.
Bütün məsuliyyətimlə və qətiyyətlə deyirəm ki, Azərbaycan dilini "kölgə dilə" çevirmək istəyənlərin heç bir baxışı, heç bir mülahizəsi, heç bir rəyi elmi deyil, tamamilə əsassız, absurd və savadsızlıq nümunəsidir.
Bəs, Azərbaycan dilinin adını, standartlarını, funksiyalarını mübahisə predmetinə çevirmək istəyənlərin məqsədi nədir?
1920-ci illərin tarixindən bizə tanış olan bir ad var: Necati bəy!
Bu bəy əfəndi işğalçı rus ordusunun Azərbaycan Xalq Cümhuriyyətini aradan qaldırması üçün çalışırdı.
Rusiya prezidenti Vladimir Putinin Kremlin saytındakı Ukrayna ilə bağlı məşhur məqaləsini oxuyanlar bilir ki, rus neo imperalizmi keçmiş SSRİ xalqlarının milli unikallığını yaradan hər şeyi inkar edir. Onların "məntiqinə" görə, Ukrayna dili ola bilməyəcəyi kimi, Azərbaycan dili də ola bilməz. Fəqət Ukrayna dili Slavyan dil ailəsinə daxil olduğu üçün bu bəyanatları açıq verirlər, Azərbaycanda isə Necati bəylər vasitəsi ilə!
Taleh ŞAHSUVARLI