Dubayda yeni enerji bloku istifadəyə verildi

“Mubadala” və “Dubai Holding” şirkətləri müştərək müəssisə yaradıblar.

“Emirates Global Aluminium”, “Mubadala” və “Dubai Holding” şirkətləri Dubayın Cəbəl-Ali rayonundakı EGA zavodunda dəyəri bir milyard dirhəm olan yeni enerji blokunun rəsmi açılışını ediblər.

BƏƏ-də ən iri sənaye şirkəti olan EGA “Mubadala” və “Dubai Holding” müştərək investisiya şirkətinə məxsusdur.

Yüksək səmərəli yeni enerji qurğusu Cəbəl-Alidə elektrik enerjisi istehsalı prosesində yaranan istixana qazları tullantısını təqribən 10 faiz azaltmağa imkan verəcək. Gözlənildiyinə görə, JebelAli zavodunda bir ton alüminium istehsalı prosesində yaranan tullantılar (buraya həm elektrik enerjisi istehsalı, həm də alüminiumun əridilməsi ilə bağlı itkilər daxildir) 7 faizə qədər azalacaq.

“Mubadala” və “Dubai Holding” şirkətləri yeni enerji bloku üçün müştərək müəssisə yaradıblar. EGA şirkəti bu obyekt istismara veriləndən sonra 25 il ərzində onun məhsullarını almağı planlaşdırır.

Bundan əlavə, “Siemens” şirkəti BƏƏ-də ilk qaz turbini quraşdıracaq. Bu layihə dünya alüminium sənayesində elektrik enerjisinin səmərəli üsulla istehsal olunması üçün “Siemen H” sinfinə aid qaz turbini kimi qabaqcıl texnologiyadan istifadə edildiyi ilk layihədir.

Yeni enerji bloku istifadəyə veriləndən sonra ölçüləri daha kiçik, səmərəsi daha aşağı olan “EGAJebelAli” tipli 5 köhnə turbin yalnız fövqəladə hallarda istifadə olunmaq üçün gözləmə rejiminə keçiriləcək.

EGA sənaye şirkətinin Cəbəl-Alidə və Əl-Tavildə öz elektrik stansiyaları var. Şirkətin istehsal gücü 5450 MVt elektrik enerjisi istehsal etməyə imkan verir. 2018-ci ildə EGA 2,64 milyon ton tökmə metal istehsal edib.(AZƏRTAC)

AzNews.az