Ağ Evin Tehranla bağlı bu cür ziqzaqlı siyasəti nədən qaynaqlanır? Ağ Evin Tehranla bağlı bu cür ziqzaqlı siyasəti nədən qaynaqlanır?

ABŞ-ın “İran təranələri” siyasəti - gah müharibə, gah danışıq...

Ağ Evin Tehranla bağlı bu cür ziqzaqlı siyasəti nədən qaynaqlanır?

ABŞ-ın dövlət katibi Mayk Pompeo İranla qeyd-şərtsiz danışıqlara başlamağa hazır olduqlarını bildirib. Mayk Pompeo İranın ali dini lideri ayətullah Əli Xamenei başda olmaqla ölkənin siyasi rəhbərliyi tərəfindən beynəlxalq terrorizmin ən böyük sponsoru olmaq, bütün dünyanı nüvə silahları ilə hədələmək əvəzinə, dünya birliyinə qoşulmaq üçün danışıqlar aparmağa qərar verilməsinin zəruri olduğunu söyləyib.

Dövlət katibi bəyan edib ki, onlar belə bir qərar verməlidir və belə edərlərsə, onda prezident Donald Trampın dediyi kimi, Vaşinqton onlarla bir masa arxasında əyləşib buna necə gəlib çıxmaq barədə söhbət etməyə hazırdır: “Onlarla qeyd-şərtsiz görüşməyə hazırıq və onların da buna əməl etmələrinə ümidvarıq”.

Son bir ayda bu, ABŞ-dan İranla bağlı ilk yumşaq mövqedir. Buna qədər başda Donald Tramp olmaqla ABŞ rəhbərliyi İrana qarşı ən sərt ritorika ilə bəyanatlar verirdilər, hətta İran müharibə ilə hədələnməyə başlanmışdı. İndi birdən-birə ABŞ-ın dövlət katibi Mayk Pompeo İranla qeyd-şərtsiz danışıqlara başlamağa hazır olduqlarını bildirir.

ABŞ-ın İranla bağlı bu cür ziqzaqlı siyasəti nədən qaynaqlanır? Bir müddət az qala İranla müharibəyə başlamaq üzrə olduqlarını nümayiş etdirən bəyanatlar verilir, qəfildən əyləc basılır və yumşalma xətti seçilir. Bu dəyişkənlik ABŞ hakimiyyətində İranla bağlı birmənalı mövqeyə gəlməyin mümkün olmadığı, fikir ayrılıqlarının olduğundan irəli gəlir, yoxsa görünməyən daha ciddi məsələlər var? Eyni zamanda bu siyasət ABŞ-ın dünyada ciddi imicinə mənfi təsir edirmi?

Ä°lgili resim

Politoloq Əhəd Məmmədli bildirdi ki, İran bəlkə də yeganə müsəlman ölkəsidir ki, ABŞ-ın siyasəti həmişə bu ölkəyə birmənalı olub-mehriban düşmən. ABŞ İrandan düşmən obrazı düzəldib, amma bu, heç vaxt müharibə etməyəcək düşmən statusunda qalmaq şərti ilə edilib: “Əslində ABŞ İranla heç vaxt müharibə edəsi deyil. Üzdə İranla bağlı ziqzaqvari siyasət olduğu görünsə də, əslində məhz İranla heç vaxt ziqzaqvari siyasət olmayıb. İranla həmişə sabit siyasət olub. Bu siyasət hədə-qorxulardan o yana keçməyib. Uzun illərdir tətbiq olunan bu siyasət, görürsünüz ki, yenə dama edir. Bir neçə gün öncəyə qədər çoxları hesab edirdi ki, ABŞ-ın İrana zərbə endirməsi an məsələsidir, indi danışıqlar masasına əyləşmək müzakirə mövzusudur və bu mövqe də məhz Vaşinqtondan sərgiləndi”.

Politoloq onu da qeyd etdi ki, bir tərəfdən ABŞ İrana qarşı sanksiyalar tətbiq edib, o biri tərəfdən ABŞ-ın Avropadakı müttəfiqləri Britaniya, Fransa, İtaliya İrandan neft alıblar, ticari əlaqələr qurublar. Bu cür vəziyyət illərdir davam edir. Tarix boyu müsəlman coğrafiyasında Qərb, Rusiya, Çin üçün də İran dövlətinin mövcudluğu lazım olub: “İranda rejimlər, hakimiyyətlər dəyişə, dəyişdirilə bilər, lakin İran dövlətinin varlığı həmişə saxlanılar. İranla bağlı bu strategiya dəyişməz olaraq qalır. Ona görə mənim üçün heç də təəccüblü olmadı ABŞ-ın dövlət katibi Mayk Pompeonun İranla bağlı qeyd-şərtsiz danışıqlara başlamağa hazır olduqlarını bildirməsi”.

Bu siyasətin ABŞ-ın imicinə təsirinə gəldikdə isə, politoloq dedi ki, hələ İranın qarma-qarışıq vaxtında, Tehranda amerikan səfirliyinə hücum edilən zaman Vaşinqton bu ölkəyə hücum etmədisə, indi, ümumiyyətlə, edən deyil. Halbuki səfirliyə hücum, orada əsirlərin götürülməsi bilavasitə müharibəyə səbəb idi: “Zəif İranla müharibə etməyən Amerika, güclü İranlamı müharibə edəcək? Özü də indiki vaxtda? Təbii ki, xeyr. Dövlətlər fərdlərdən fərqli olaraq öncə maraqlarını düşünürlər, sonra imiclərini. İmic çox şeydir, amma hər şey deyil. Böyük dövlətlər lazım gələndə geri çəkilməyi də bacarırlar. Zatən elə etməsəydilər böyük dövlət də ola bilməzdilər. Siyasət emosiyanı deyil, soyuqqanlılığı, hərbi deyil, diplomatiyanı sevən peşədir. Ona görə burada imicin zədələnməsi əvəzinə, maraqlara cavab verən siyasəti önə sürərdim. ABŞ maraqlarını imicindən üstün tutur. Yuxarıda qeyd etdiyim kimi, İranın dövlət kimi bütöv qalması Amerikanın da maraqlarına cavab verir”. (Musavat.com)