“Əl-Qaidə” qayıdır - ABŞ-dan SOS!

Vaxtilə dünyanın bir nömrəli terror təşkilatı olmuş “Əl Qaidə” yenidən güclənib

“Əl-Qaidə” terror təşkilatı son illərdə daha da güclənib və tərəfdarlarının sayını artırıb". Bu barədə açıqlamanı ABŞ Konqresi Nümayəndələr Palatasında dinləmələr zamanı Dövlət Departamentinin terrorla mübarizə məsələləri üzrə koordinatoru Nathan Sayles verib.

Son illərdə İŞİD-in daha çox diqqət mərkəzində olduğunu qeyd edən ABŞ rəsmisinin sözlərinə görə, nisbətən kölgədə qalan “Əl-Qaidə” zəif dövlət hakimiyyəti, münaqişə zonaları və beynəlxalq təhlükəsizlik sistemindəki boşluqlardan istifadə edərək yeni tərəfdarlar toplayıb, terror hücumları hazırlayır. Amerikalı ekspert deyib ki, hazırda “Əl-Qaidə” şəbəkəsinin gücü 11 sentyabr hadisələri zamanında olduğundan daha çoxdur.

Yeri gəlmişkən, bu ilin əvvəlində ABŞ hökuməti “Əl-Qaidə” terror qruplaşmasının keçmiş lideri Usəma bin Ladenin oğlu Həmzə barədə məlumat verən şəxsə bir milyon dollar mükafat təyin edib. ABŞ hökuməti Həmzə bin Ladenin terrorçu qruplaşmanın yeni rəhbəri olacağından ehtiyat edir. Çünki daha əvvəl səs-sorağı çıxmayan Həmzə son illərdə görünməyə başlayıb. O, səs və videoyazılar yayaraq, tərəfdarlarını ABŞ və onun Qərb ölkələrindən olan müttəfiqlərinə hücumlar həyata keçirməyə, atasının qisasını almağa çağırıb.

Bir zamanlar dünyanın bir nömrəli terror təşkilatı və 65 ölkədə tərəfdarlarının olduğu güman edilən “Əl-Qaidə” 2011-ci ilin mayında təşkilatın lideri Usəma bin Ladenin Pakistanın Abbotabad şəhəri yaxınlığındakı evində ABŞ xüsusi təyinatlıları tərəfindən öldürüldükdən sonra nisbətən diqqətdən arxa planda qaldı. Çünki 2011-ci ildə “ərəb baharı” Yaxın Şərqdə qanlı terror müharibələrinə çevrildi. Doğrudur, Suriyada və ilk dövrdə İraqda “Əl-Qaidə” mövcud idi. Xüsusən də Suriyada hələ də “Əl-Qaidə”nin yerli qolu olan “Ən-Nusra" Cəbhəsi və ya yeni adı ilə “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması hələ də ən güclü silahlı birləşmə hesab olunur. Ancaq 2013-cü ildə İraqda və Suriyada güclənən İŞİD “Əl-Qaidə”ni kölgədə qoydu. Baxmayaraq ki, İraq və Şam İslam Dövləti (İŞİD) 2004-cü ildə məhz “Əl-Qaidə”nin İraq qolu kimi yaranmışdı. Lakin sonradan iki qrup yollarını ayırdı, 2013-cü ilin sonrlarında isə “Əl-Qaidə”nin bin Ladendən sonrakı lideri Ayman əz-Zəvahiri bəyanat yayaraq tərəfdarlarını "Ən-Nusra"ya qoşulmağa, onların rəsmi təmsilçilərinin "Ən-Nusra" olduğunu açıqladıqdan sonra iki qrup arasında toqquşmalar başladı. Sonrakı illərdə isə İŞİD İraq və Suriyada 90 min kv.km-dək ərazini işğal edərək dövlət qurdu. Bununla da “Əl-Qaidə”ni yerini tuta bildi. Üstəlik, “Əl-Qaidə”dən fərqli olaraq İŞİD torpaq üzərində hakimiyyəti olan terror təşkilatı idi, “Əl-Qaidə” isə gizli fəaliyyət göstərən terror qruplaşması idi.

al qaida ile ilgili görsel sonucu

Əfqan müharibəsinin “meyvəsi”

“Əl-Qaidə” təşkilatı bəzi məlumatlara görə, 1988-ci, bəzilərinə görə, 1989-cu ildə Pakistanın Əfqanıstanla həmsərhəd Pişəvər şəhərində yaradılıb. O illərdə Pakistanın Əfqanıstanla həmsərhəd olan digər bölgələri kimi Pişəvər sovetlərə qarşı cihad müharibəsinin əsas düşərgələrindən biri idi.

Ümumiyyətlə, həmin illərdə Əfqanıstanda sovetlərə qarşı savaşın ideoloji bazasını məhz islamçılar təşkil edirdi. Müsəlman alimləri SSRİ-yə qarşı cihad fətvası vermişdi, tezliklə Afrikadan Pakistana qədər müxtəlif ölkələrdən radikal fikirli müsəlmanlar Əfqanıstana və ya Pakistana gələrək cihad təşkilatlarına qoşulur və sovetlərə qarşı “müqaddəs müharibədə” iştirak edirdilər. “Əl-Qaidə” məhz bu illərdə formalaşıb - həm təşkilati, həm də ideoloji olaraq.

Əfqanıstanda sovetlərə qarşı başlayan cihad hərəkatı digər müsəlman ölkələrindəki islamçıları da özünə cəlb edirdi. Misirdə Sədata qarşı sui-qəsddən sonra uğursuzluğa düçar olaraq ağır zərbə alan sərt xətt tərəfdarı “ixvan” üzvləri, ərəb ölkələrindəki islamçılar “kafir ruslara” qarşı savaşmaq üçün Əfqanıstana axın edirdilər. Bu savaşın sponsoru ərəb ölkələri, siyasi və hərbi dəstək isə Qərbdən gəlirdi. “Əl-Qaidə”nin gələcək lideri Üsəma bin Laden 1980-ci illərin əvvəlində Avropada təhsilini, lüks həyat tərzini buraxıb Əfqanıstana cihada gələn varlı ərəb gənclərindən biri idi. Ancaq təbii ki, varlı Üsəma döyüşlərə qatılmırdı, daha çox silahlı fəaliyyətləri maliyyələşdirirdi. Çünki onun ailəsi ən varlı tikinti maqnatlarından biri idi.

Ancaq əfqan müharibəsi başa çatdıqdan sonra artıq silahlı cihadçılar müharibə sponsorlarına lazım deyildi. Bu səbəbdən də sovetlərin çəkilməsindən sonra mücahidlərə xarici dəstək böyük ölçüdə dayandı. Üstəlik, sovetlərdən sonra daha əvvəl sovetlərə qarşı birgə savaşan qüvvələr indi iqtidar uğurunda bir-birilərinə qarşı savaşmağa başladılar. Belə bir vaxtda bin Laden “Əl-Qaidə”ni yaradır. İlk illərdə “Əl-Qaidə” Əfqanıstanda o qədər də məşhur olmur, bin Laden isə Əfqanıstandan Səudiyyə Ərəbistanına qayıdır. Daha sonra isə Afrikaya gedən bin Laden Somalidə fəaliyyət göstərir.

1996-cı ildə "Taliban" Əfqanıstanın paytaxtı Kabil də daxil olmaqla, böyük hissəsini işğal edib dövlət elan etdikdən sonra “Əl-Qaidə” fəallaşır. 1998-ci ildə “Əl-Qaidə” Keniya və Tanzaniyada ABŞ səfirliklərinə qarşı törədilən terror aktlarını sifariş edir. 2001-ci ildə isə ABŞ-da eyni gündə Nyu-York şəhərində “əkiz qüllələr”, Pentaqon binası qaçırılmış təyyarələr vasitəsilə vurulur. Bundan sonra ABŞ beynəlxalq terrora, “Əl-Qaidə”yə qarşı cəbhə açır, bin Ladeni təhvil verməyən "Taliban"ı cəzalandırmaq üçün Əfqanıstana ordu yeridir və ölkə işğal olunur.

al qaida ile ilgili görsel sonucu

“Əl-Qaidə” qlobal təhdidə çevrilir

ABŞ-ın Əfqanıstanı və iki il sonra İraqı işğal etməsi ilə bu ölkələrdə silahlı islamçı qrupların fəaliyyətinə təkan verilir. Eyni zamanda “Əl-Qaidə” artıq Əfqanıstan və Pakistan sərhədlərindən çıxaraq dünyanın müxtəlif regionlarında terror hücumları təşkil edir. 2004-cü ilin mart ayında Madriddə qatar partlayışı nəticəsində 200 adam, 2005-ci ildə Londonda törətdiyi terrorla 52 adam ölür.

Həmin vaxt ABŞ rəsmiləri “Əl-Qaidə”nin dünyanın 65 ölkəsində tərəfdarlarının olduğunu bildirirdi. Pakistandakı “Əl-Qaidə” müttəfiqləri “Ləşkəre-Janqvi” və “Leşkere-Taiba” qruplarıdır. “Leşkere-Taiba” qruplaşmasının lideri Hafiz Məhəmməd Səid “Əl-Qaidə”nin yaradılmasında iştirak edib. Qrup 174 adamın ölümünə bais olmuş 2008-ci ildəki Mumbay hücumunu təşkil edib. Bundan başqa, Haqqani və digər Talibana yaxın qruplar da “Əl-Qaidə” ilə müttəfiq olub.

Filippində “Əbu Səyyaf” qruplaşması əvvəlcə “Əl-Qaidə”yə bağlı olsa da, sonradan İŞİD-ə qoşulduğunu bəyan edib. “Əl-Qaidə”yə bağlı daha bir qruplaşma İndoneziyada “Camah İslamiyyə” qruplaşmasıdır. Bundan başqa, Keniyada, Tanzaniyada “Əl-Qaidə” bölmələri mövcud olub. Nigeriyada isə “Boko Haram” qruplaşması, İŞİD, “ən-Nusra” kimi bir sıra törəmə qurumları mövcud olub.

Ərəbistan yarımadasındakı “Əl-Qaidə” 2009-cu ildə Yəmən və Səudiyyədəki islamçı şəbəkələrin birləşməsi nəticəsində yaranıb. “Əl-Qaidə”nin Afrika qolu olan “İslam Məğribindəki ”Əl-Qaidə" Əlcəzair, Mali və Nigerdə fəaliyyət göstərir. 1990-cu illərdəki vətəndaş müharibəsi vaxtı yaradılmış təşkilat 2007-ci ilədək “Vaiz” və “Döyüş naminə Sələfi” qrupu adını daşıyıb. Təşkilatın lideri Abu Musab Əbdülvəduddur.

al qaida Al Nusra ile ilgili görsel sonucu

“Ərəb baharı” və “Əl-Qaidə”

“Əl-Qaidə”nin növbəti dəfə parlaması “ərəb baharı”ndan sonraya təsadüf edir. “Ərəb baharı” nəticəsində Liviya, Suriya, İraq, Yəmən kimi ölkələrdə baş qaldıran vətəndaş müharibələri “Əl-Qaidə” kimi cihad ideologiyalı təşkilatlar üçün münbit zəmin idi. Bu səbəbdən də çox tezliklə Liviyada, Suriyada, İraqda, o cümlədən Yəməndə “Əl-Qaidə” fəallaşdı. Ancaq qruplaşmanın ən ciddi fəallığı Suriyada müşahidə olundu.

Ä°lgili resim

"Qaidə"dən "Nusra"ya

“Əl-Qaidə”nin Suriya və İraqda iki qanadı fəaliyyət göstərib. Ancaq hazırda təşkilatın Suriyadakı əsas təmsilçisi məhz “ən-Nusra” cəbhəsi, ya da indiki adı ilə “Fəth əş-Şam” qruplaşmasıdır. “Ən-Nusra” Cəbhəsi 2011-ci il sentyabr ayında Suriyada yaradılıb. İlk dəfə 2012-ci il yanvarın 23-də adı elan olunub. Həmin vaxt təşkilatın tam adı “Cabhat an-Nusra li-əhli-Şam” Şam Əhli üçün Yardım Cəbhəsidir. “Əl-Qaidə”nin Suriya qoludur. Qruplaşma lideri Əbu Muhəmməd əl-Culani 2013-cü ilin aprel ayında verdiyi bəyanatda məqsəd və vəzifələrinin digər islamçı qruplaşmalara dəstək olmasına baxmayaraq, “Ən-Nusra”nın müstəqil bir təşkilat olduğunu bildirib. Həmin ilin noyabrında isə “Əl-Qaidə” lideri Ayman əz-Zəvahiri “Ən-Nusra” Cəbhəsini rəhbərlik etdiyi təşkilatın Suriyadakı yeganə qanuni təmsilçisi elan edib.

“Ən-Nusra” Cəbhəsi bütün dünyada terror təşkilatı kimi tanınır. ABŞ və bir sıra dövlətlər tərəfindən terror təşkilatı siyahısına salınıb. “Ən-Nusra” Suriyada 3 ən güclü silahlı təşkilatdan biri hesab olunur. Bəzi məlumatlara görə, Nusra Cəbhəsinin 6-10 min arası döyüşçüsü var. Hazırda təşkilat əsasən Suriyanın şimalında - İdlib vilayətində möhkəmlənib. Bəşər Əsəd qüvvələrinin İdlibə hücuma hazırlaşdığı haqda xəbərlər yayıldıqdan sonra Nusra Cəbhəsi liderləri digər islamçı qruplarla ittifaq sazişi imzalayıb.

Nusra Cəbhəsi Dəməşqdə bir sıra terror hücumlarının, eyni zamanda ələ keçirilən hökumət tərəfdarlarının edam səhnələri ilə yadda qalıb. Qruplaşma lideri Əbu Məhəmməd Əl-Colaninin əsl adı Üsamə əl-Haddavidir, Suriyanın Deyr əz-Zor bölgəsindəki əş-Şəhil şəhərində doğulub. Bəzi məlumatlara görə, 2003-cü ildə Amerika İraqı işğal etdiyi zaman Dəməşq Universitetinin tibb fakültəsində təhsil alan Colani təhsilini buraxaraq İraqa gedib. Burada “Əl-Qaidə”nin İraq qoluna qoşulub. 2010-da həbs olunub və bir il sonra həbsdən buraxılıb.

Daha əvvəl “Ən-Nusra” və İŞİD qruplaşması vahid bir təşkilat olub. Hətta mənbələrdə Colaninin İraqdan məhz İŞİD lideri Əbubəkr Bağdadi tərəfindən Suriyaya göndərildiyi haqda məlumatlar yer alıb. Bildirilir ki, Nusra Cəbhəsi Suriyada məhz İŞİD və “Əl-Qaidə” adına savaşıb. Ancaq sonradan İŞİD qruplaşması da öz fəaliyyətini Suriyaya keçirib və Əbubəkr Bağdadi 2013-cü ildə iki qruplaşmasının birləşdiyi və “İraq-Şam İslam Dövləti”nin yaradıldığını elan etdikdən sonra iki lider arasında münasibətlər soyuyur. Colani İŞİD-ə qoşulmur.

Daha sonra iki qruplaşma arasında kiçik toqquşmalar, zəbt olunmuş ərazilərə nəzarət uğrunda qarşıdurmalar qeydə alınıb. İŞİD bir neçə Nusra Cəbhəsi komandirini qaçıraraq qətlə yetirib. 2014-cü il yanvarın 3-də isə iki qruplaşma arasında qanlı müharibə başlayıb. Bu toqquşmalarda Suriyada fəaliyyət göstərən digər islamçı qruplar Nusra Cəbhəsini dəstəkləyib. Ancaq buna baxmayaraq, İŞİD-ə üstün gəlmək mümkün olmayıb.

al qaida ile ilgili görsel sonucu

İraq və Şam İslam Cəbhəsi

Qəribə də görünsə indi bir-biri ilə düşmən olan İŞİD də “Əl-Qaidə”nin yerli təşkilatı olub. İŞİD qruplaşması 2004-cü ildə İraqın ABŞ və müttəfiqləri tərəfindən işğalından sonra bu ölkədə qurulub. “Əl-Qaidə”nin İraq qolu olaraq yaradılan qruplaşmanın əsas hədəfi amerikalılar və şiə qruplar olub. Daha sonra İraq İslam Dövləti adını almış qruplaşmaya iordaniyalı, daha əvvəl Əfqanıstanda vuruşmuş Əbu Musab əz-Zərqavi olub. 2006-cı ildə Amerika ordusunun zərbələri nəticəsində Əbu Musab əl-Zərqavi öldürülüb. Bundan sonra qruplaşmaya misirli Əbu Əyyub əl-Məsri, ondan sonra isə Əbu Ömər gətirilib. Bu dövrdə ara-sıra fəallaşan qruplaşmanın fəaliyyəti əsasən İraqda olub. 2010-cu ildə qruplaşmanın başına hazırkı lideri Əbu Bəkr əl-Bağdadi gətirilib. 2013-cü ildə isə iki qruplaşma arasında yollar ayrılıb.

Ancaq ABŞ rəsmisinin qeyd etdiyi kimi, xarici müdaxilələr, qeyri-azad və qanunsuzluq, sosial ədalətsizlik və kasıblığın, sərvətlərin qeyri-bərabər bölündüyü müsəlman ölkələrində “Əl-Qaidə” kimi təşkilatların yaşaması, mövcudluğunu qoruyub saxlaması realdır. (Musavat.com)