Fransada cərrah 30 il ərzində 250 uşağı zorlayıb - Qalmaqal

Xəsarət alanlar cərrahın pasientləri olublar

Fransada 66 yaşlı cərrah 250 uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilir. Cərrah Fransa dövlətinin tarixində ən biabırçı pedofil adlandırılıb.

Müstəntiqlərin fikrinə əsasən, Coel Le Skuarnek 30 il ərzində azyaşlıları zorlayıb. Xəsarət alanlar cərrahın pasientləri olublar. Qeyd edilir ki, bəzi hallarda uşaqlar narkoz altında olanda cərrah çirkin əməllərini həyata keçirib.

İlk dəfə Coel 14 il əvvəl bu əməlinə görə mühakimə edilib. O, uşaqlara qarşı seksual zorakılıq əks edilən fotolar saxladığı üçün hakim qarşısında cavab verib. Buna baxmayaraq, ona həkim kimi fəaliyyət göstərməyə icazə veriblər.

2017-ci ildə cərrah həbs edilib və ona qarşı pedofiliya ittihamı irəli sürülüb. Hazırda onun yeni cinayət əməlləri üzə çıxır. Cərrah isə iddiaları rədd edir.

İstintaq zamanı polis əməkdaşları pedofil-həkimin gündəliyini tapıblar. Gündəlikdə o, seksual xarakterli hərəkətlərinin detallarını qeyd edib. Yazılarda 250 azyaşlının adı keçir. Hazırda polis gündəlikdə adı keçən azyaşlıların valideynlərini dindirir.