Dünyanın məşhur kruiz şirkətindən Azərbaycana qarşı təxribat

Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir

Almaniyanın “Aida kruiz” şirkətinin səyahət laynerlərində Azərbaycan ərazisi Ermənistan ərazisi kimi təqdim olunur. Azərbaycan vətəndaşı Yusif Nağıyev deyir ki, dünyaca məşhur kruiz şirkətində erməni təbliğatı gedir və bunun qarşısının alınması üçün şirkət rəhbərliyinə, Almaniyanın Azərbaycandakı səfirliyinə məlumat verib, tədbir görülməsini istəyib.

Yusif Nağıyevin sözlərinə görə, bu il oktyabrın 17-dən 28-nə qədər “Aida kruiz” şirkətinin “Aida Aura” gəmisində səyahətdə olarkən gəmidəki televizorların ekranlarında göstərilən xəritələrdə Azərbaycanın uzərində Armeniya yazılması faktına rast gəliblər. Bu barədə bir neçə dəfə gəmi personalına məlumat verərək səhvin düzəldilməsini istəyiblər. Lakin personal tərəfindən heç bir tədbir görulməyib.

Bakıya qayıtdıqdan sonra bu barədə “Aida” şirkətinə və Almaniyanın Bakıdakı səfirliyinə email yazıblar. Lakin heç bir reaksiya verilməyib.

Y.Nağıyev bildirir ki, “Aida” şirkətinin laynerində qarşılaşdırları faktı ölkəmizə qarşı siyası provakasiya kimi qiymətləndirir, Azərbaycanın müvafiq qurumlarından məsələ ilə bağlı tədbir görülməsini xahiş edirlər.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin katibliyindən xahiş edirik ki, xarici şirkət tərəfindən dövlətimizin təhqir olunmasının qarşısı alınsın” – deyə Yusif və Violetta Nağıyevlər qeyd edirlər.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu ilə müraciət edilib. Təqdim olunacaq cavabı da oxucularımızın diqqətinə çatdıracağıq. (Musavat.com)