“Lufthansa” aviaşirkəti müflis elan edilə bilər

Şirkət bunun əlverişsiz şərtlərlə kredit almaqdan daha sərfəli seçim olduğunu hesab edir

Koronavirus pandemiyası səbəbindən maliyyə problemi ilə üzləşən “Lufthansa” aviaşirkətinin rəhbərliyi dövlət dəstəyi almaq üçün Almaniya hökuməti ilə danışıqlar aparmaqla yanaşı şirkətin iflas prosesinə başlaya bilər.

AzNews.az xəbər verir ki, bu barədə “Focus Online” xəbər portalı şirkətin müşahidə şurasındakı mənbələrə istinadən məlumat verib. Bundan başqa “Der Spiegel” nəşri də şirkətin maliyyə çətinliyi ilə üzləşdiyini bildirir.

Nəzəriyyə baxımından, bu, konsernin aktiv idarəçiliyini özündə saxlayan xüsusi iflas növü ola bilər.

Belə bir prosedur şirkətə 1,8 milyard avro xeyir də qazandıra bilər. Belə ki, bu vəsait satılan biletlərdən əldə olunub və reyslər baş tutmadığı üçün geri qaytarılmalıdır. Digər tərəfdən şirkət asan yolla əməkdaşlarını işdən çıxara biləcək.

Şirkət bunun əlverişsiz şərtlərlə kredit almaqdan daha sərfəli seçim olduğunu hesab edir.

Bundan əvvəl Almaniya hökumətinin “Lufthansa” milli aviadaşıyıcısına veto hüququna malik səhm paketi və nəzarət şurasında bir və ya iki yer qarşılığında yardım paketi ayırmağa razılıq verməsi barədə məlumat yayılmışdı.

Bildirilib ki, yardımın ümumi miqdarı təxminən 9 milyard avro (9,74 milyard ABŞ dolları) olacaq. Hələ ki, nə Almaniya hökuməti, nə də “Lufthansa” rəsmiləri məsələ ilə bağlı açıqlama verməyib.