Tac Mahal gündəlik 5 min turist qəbul edə biləcək

"Hər növbədə Tac Mahalı maksimum 2,5 min adam, yəni ümumilikdə yalnız 5 min nəfər ziyarət edə bilər”

Hindistandakı məşhur Tac Mahal türbəsi hələlik bir gündə ən çoxu 5 mindən çox turist qəbul edə biləcək, kütləvi ziyarətçi axını isə ən azı bir ildən sonra ola biləcək.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Hindistanın Aqra şəhərindəki Arxeologiya idarəsinin müdiri Vasant Kumar Svarnkar pandemiyanın səbəb olduğu fasilədən sonra türbənin ziyarətçilər üçün açılışı ilə əlaqədar danışarkən bildirib.

“Ciddi təhlükəsizlik tədbirləri tətbiq etmişik: hamı məcburi maska taxmalıdır, bütün ziyarətçilərin əlləri və ayaqqabıları antiseptiklə təmizlənir, bədən tempraturu ölçülür. Bundan əlavə, muzeyin iş gününü iki hissəyə ayırmışıq: 06:00-dan 12:00-dək və 12:00-dan 18:00-dək. Hər növbədə Tac Mahalı maksimum 2,5 min adam, yəni ümumilikdə yalnız 5 min nəfər ziyarət edə bilər”, - o deyib.

“Əvvəllər Tac Mahalı gündəlik orta hesabla 40 min adam ziyarət edirdi. Lakin pik mövsümdə - dekabrdan fevraladək olan dövrdə hər gün 170 min nəfər ziyarətçi olurdu. Turistlərin nə vaxt kütləvi şəkildə türbəyə qayıdacağını bilmirəm, amma bunun ən azı bir il sonra olacağını düşünürəm”, - Svarnkar əlavə edib.

O, Tac Mahalın və daha bir muzeyin – Aqranın Qırmızı Qalasının açılması qərarının vacib səbəbi kimi iqtisadiyyatı göstərib.

“Turizm bu şəhərdə vacib sahədir. Aqra sakinlərinin üçdə biri birbaşa və ya dolayısı ilə Tac Mahaldan və Qırmızı Qaladan asılıdır. Eyni zamanda Aqrada koronavirusla bağlı vəziyyətin digər bölgələrdəki kimi problemli olmadığını düşünürük”, - Svarnkar izah edib.

Qeyd edək ki, Böyük Moğol İmperiyası dönəmində Şah Cahanın vəfat etmiş həyat yoldaşı Mümtaz Mahalın xatirəsi üçün tikintisinə göstəriş verdiyi türbə 1632-ci ildən 1653-cü ilə qədər olan müddətdə inşa edilib. XX əsrin əvvəllərində ictimaiyyət üçün açılan dünyanın yeddi möcüzəsindən biri sayılan tikili çox nadir hallarda bağlanıb. Koronavirus pandemiyası səbəbilə mart ayındakı bağlanışa qədər türbə II Dünya müharibəsi zamanı, 1971-ci ildə Hindistan-Pakistan müharibəsi günlərində, 1978-ci ildəki daşqınlar zamanı bağlı olub.