ABŞ və Qətər 1,2 trilyon dollarlıq müqavilə imzalayıblar

ABŞ və Qətər arasında 1,2 trilyon dollarlıq müqavilə imzalanıb.

Bu barədə Ağ Evin bəyanatında deyilir.

"Bu gün Qətərdə Prezident Donald Tramp Qətərlə ən azı 1,2 trilyon dollar dəyərində iqtisadi mübadilə yaratmaq üçün saziş imzalayıb. Prezident Tramp həmçinin ABŞ və Qətər arasında Boeing təyyarələri və GE Aerospace mühərriklərinin Qatar Airways-ə tarixi satışı da daxil olmaqla, ümumi məbləği 243,5 milyard dollardan çox olan iqtisadi sövdələşmələri açıqlayıb", - Ağ Evin mətbuat xidməti bildirib.

O cümlədən, Qatar Airways 96 milyard dollara 210 müasir Boeing 787 Dreamliner və 777X təyyarəsi alacaq. Bununla belə, Tramp sazişi imzaladıqdan sonra bildirib ki, sövdələşmə 200 milyard dollara 160-dan çox təyyarənin alınmasından gedir.

Bundan əlavə, Qətər 2 milyard dollara General Atomics şirkətindən səkkiz MQ-9B uzaqdan idarə olunan təyyarə sistemi alacaq.

Mövsüm

Aznews.az