- Dünyanın halı
- 6 Yanvar 22:56
- 3 105
Venesuelanın baş prokuroru ABŞ hakimlərindən Maduronun toxunulmazlığını tanımalarını tələb edib
Venesuelanın Baş prokuroru Tarek Vilyam Saab ABŞ hakimlərindən Nikolas Maduronun toxunulmazlığını tanımalarını və onun məhkəmə təqibinin yolverilməzliyini qəbul etmələrini istəyib.
Aznews.az xəbər verir ki, Baş prokuror bunu "Venezolana de Television" telekanalının efirində bəyan edib.
"Mən hakim Elvin Hellerstaynı beynəlxalq hüquqa hörmət etməyə və onun rəhbərliyi altında fəaliyyət göstərən məhkəmənin suveren dövlətin – Venesuelanın başçısını, diplomatik toxunulmazlıqdan istifadə edən bir şəxsi məhkəmə qaydasında təqib etmək səlahiyyətinin olmadığını tanımağa çağırıram", - Saab deyib.
O həmçinin prezident Nikolas Maduronun, həyat yoldaşı Siliya Floresin və Venesuela xalqının hüquqlarının pozulmasına son qoyulmasını tələb edib.
Saab beynəlxalq ictimaiyyətə müraciət edərək ABŞ tərəfindən həyata keçirilən qanunsuz hərəkətləri yalnız pisləməyə deyil, həm də Venesuela Prezidentinin və onun həyat yoldaşının dərhal azad olunması üçün tədbirlər görməyə çağırıb.
Venesuela Prezidenti Nikolas Maduro yanvarın 5-də Nyu-York məhkəməsi qarşısına çıxarılıb. Məhkəmədə o özünü günahsız elan edib və hələ də ölkəsinin prezidenti olduğunu bildirib. ABŞ məhkəməsi Venesuela konsulluq əməkdaşlarının onu ziyarət etməsinə razılıq verib. Hakim növbəti iclasın 17 martda keçiriləcəyini açıqlayıb.
Tramp yanvarın 3-də bəyan edib ki, ABŞ Venesuelaya uğurlu genişmiqyaslı zərbə endirib. O, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutulduğunu və ölkə ərazisindən çıxarıldığını qeyd edib.