Tramp neft qiymətlərini azaltmaq üçün mübarizəni davam etdirəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin daha da azalmasına nail olmaq niyyətini bəyan edib.

Aznews.az xəbər verir ki, Tramp bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar fraksiyasının qarşısında çıxışı zamanı deyib.

"Mən neft şirkətləri ilə görüş keçirəcəyəm. Söhbətin nədən getdiyini bilirsiniz. Biz daha çox neft hasil etməliyik ki, bu da onun qiymətini daha da aşağı salmağa imkan verəcək", - Amerika lideri bildirib.

Onun təqdim etdiyi versiyaya görə, Vaşinqtonda hakimiyyətdə olduğu təqribən bir il ərzində enerji daşıyıcılarının qiymətləri əhəmiyyətli dərəcədə azalıb.

"Televiziyada deyirlər ki, enerji daşıyıcılarının qiymətləri 3 % azalıb. Lakin onlar 3 % azalmayıb", - Tramp iddia edib. Onun sözlərinə görə, ABŞ-də benzinin qallonu (ABŞ qallonu təxminən 3,7 litrdir - red.) 3,50 – 4 dollar idi, indi isə bir çox yanacaqdoldurma məntəqələrində benzinin qallonu 1,99 dollar təşkil edir. "Və qiymətlər daha da aşağı düşəcək", - Amerika lideri əminliyini ifadə edib.

Tramp həmçinin ABŞ-də dərmanların qiymətlərinin azalmasına nail olmaq məqsədilə sığorta şirkətlərinin nümayəndələri ilə görüş keçirmək niyyətində olduğunu bildirib.