- Dünyanın halı
- 20:59
- 1 672
Futbol matçı faciə ilə bitdi: Meksikada stadiona silahlı hücum
Meksikanın Quanaxuato ştatına bağlı Salamanka şəhərində keçirilən həvəskar futbol oyununun ardından kimliyi hələlik müəyyən edilməyən silahlı şəxslər stadionda atəş açıb. Loma de Flores məhəlləsində yerləşən idman kompleksində baş verən hücum qısa zamanda faciəyə çevrilib.
11 ÖLÜ, 12 YARALI
Hücum nəticəsində 11 nəfər hadisə yerində həyatını itirib, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadalarının ilkin müdaxiləsindən sonra yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Salamanka şəhərinin bələdiyyə sədri Sezar Prieto hücumu sərt şəkildə pisləyib. O bildirib ki, bu hadisə bölgədə davam edən zorakılıq mühitinin acı nəticəsidir:
“Bu faciəvi və qorxaq hücum cinayətkar qrupların xalqı qorxutmaq cəhdidir. Amma buna nail ola bilməyəcəklər. Günahkarlar mütləq tapılacaq”, – deyə Prieto vurğulayıb.
Quanaxuato Baş Prokurorluğu hadisə ilə bağlı istintaq başladıldığını açıqlayıb. Bildirilib ki, təhlükəsizliyin gücləndirilməsi, əhalinin qorunması və hücum edənlərin yaxalanması üçün bələdiyyə, ştat və federal təhlükəsizlik qurumları arasında koordinasiya yaradılıb.
Mövsüm,
AzNews.az