Suriyada tarixi dəyişiklik: Kürdlərə vətəndaşlıq verilir

Suriyadakı Bəəs rejimi dövründə sistematik şəkildə tətbiq edilən ayrı-seçkilik siyasəti, xüsusən də 1962-ci ildə Hasəkədə keçirilən fövqəladə əhali siyahıyaalması on minlərlə kürdün vətəndaşlıq hüquqlarından məhrum edilməsinə səbəb oldu.

Bu siyahıyaalma nəticəsində minlərlə kürd "əcnəbi" və ya "qeydiyyatdan keçməmiş" statusu aldı; onlar şəxsiyyət vəsiqələri, pasportlar, mülkiyyət hüquqları, təhsil və dövlət xidmətlərindən istifadə imkanlarından məhrum edilmək kimi ciddi ədalətsizliklərlə üzləşdilər.

Bu vəziyyət əsasən Əsəd rejimi boyunca davam etdi və kürd əhalisinin əhəmiyyətli bir hissəsini faktiki olaraq dövlətsiz qoydu.

Keçid dövründə yeni administrasiya bu vəziyyəti dəyişdirmək üçün addımlar atmağa başlayıb.

Yanvarın 28-də Suriya Daxili İşlər Nazirliyi fərmanın icrası barədə göstəriş verib.

Daxili İşlər Naziri Ənəs Xəttab tərəfindən imzalanmış Mülki İşlər Baş İdarəsinə göndərilən direktivdə 1962-ci il siyahıyaalmasının bütün qalıqları və müstəsna kürd əleyhinə tədbirlər rəsmi olaraq ləğv edildi.

Suriyada yaşayan kürd əsilli bütün insanlara vətəndaşlıq veriləcəyi vurğulanıb.

Vətəndaşlıq prosedurlarının sürətləndirilməsi və bərabər hüquqların təmin edilməsi üçün göstərişlər verilib.

Mövsüm,

AzNews.az