- Dünyanın halı
- 15:30
- 951
Çində mafiya ailəsinin 11 üzvü edam edildi
Çin hakimiyyəti qonşu Myanmarda fəaliyyət göstərən mütəşəkkil dələduzluq şəbəkəsi ilə əlaqəli 11 nəfəri edam etməklə sərhədyanı cinayətlərə qarşı sərt mesaj verib. Çin dövlət mediasının məlumatına görə, cinayət qrupunun üzvləri telekommunikasiya dələduzluğu, qanunsuz qumar, narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayət əməllərində iştirak etdiklərinə görə məhkəmə tərəfindən ölüm cəzasına məhkum olunublar.
Cıciyan əyalətinin Vençou şəhərində keçirilən məhkəmə prosesində “Ming ailəsi” kimi tanınan cinayət şəbəkəsinə mənsub 39 nəfər mühakimə edilib. Aralarında qrupun əsas rəhbərlərinin də olduğu 11 təqsirləndirilən şəxs edam cəzası alıb, digər şəxslərə isə müxtəlif müddətli həbs cəzaları verilib. Məhkəmə müəyyən edib ki, cinayət şəbəkəsi Myanmanın Şan əyalətinə bağlı Kokanq bölgəsində yerləşən sənaye parkları və saxta müəssisələr vasitəsilə milyardlarla yuan məbləğində qanunsuz gəlir əldə edib.
Məhkəmə materiallarında qeyd olunub ki, cinayət qrupu Çində iş və ya investisiya vədi ilə aldadılan şəxsləri Myanmara apararaq təhdid yolu ilə dələduzluq fəaliyyətlərinə cəlb edib. Bu prosesdə bəzi qurbanların həyatını itirdiyi, çoxsaylı şəxslərin isə zorla işlədildiyi bildirilir.
Edam qərarları Çinin telekommunikasiya dələduzluğu və beynəlxalq cinayət şəbəkələrinə qarşı apardığı genişmiqyaslı əməliyyatların tərkib hissəsi kimi qiymətləndirilir.
Həmçinin bildirək ki, 2023-cü ildən bu yana sərhədyanı dələduzluq dəstələrinə qarşı aparılan istintaq və əməliyyatlar çərçivəsində minlərlə şəxs Çinə təhvil verilib və ya saxlanılıb.
Mövsüm,
AzNews.az