- Dünyanın halı
- 18:46
- 1 758
ŞKTR parlamentindən dava düşüb
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Cümhuriyyət Məclisində gərginlik yaşanıb. Parlamentdə məhkəmə islahatları və erkən seçkilərlə bağlı müzakirələr zamanı tərəflər arasında qarşıdurma baş verib.
İqtidar partiyası Milli Birlik Partiyasının (UBP) millət vəkili və baş katibi Ahmet Savaşan ilə ana müxalifət Cümhuriyyətçi Türk Partiyasının (CTP) millət vəkili Ongun Talat arasında əvvəlcə sözlü mübahisə yaranıb. Qısa müddət ərzində mübahisə fiziki insidentə çevrilib.
Yaşanan hadisələr səbəbindən Məclisin iclasına ara verilib.
İclas zamanı Nəqliyyat naziri Erhan Arıklının erkən seçkilərlə bağlı çıxışı davam edərkən Ongun Talat söz alıb. Talat, ŞKTR Baş naziri Ünal Üstelin məhkəmə islahatları ilə bağlı açıqlamalarını tənqid edərək, prosesin hansı tərəflərlə məsləhətləşilərək aparıldığını soruşub.
Bu zaman Ahmet Savaşan ilə Ongun Talat arasında çıxış tərzi və üslup məsələsi üzərindən mübahisə başlayıb.
Müzakirə qızışarkən Talatın Savaşana ünvanladığı “Gündəmdə qalmağa çalışma. Türkiyə telekanallarına, hətta Deutsche Welle-ə belə çıxmısan” sözlərinə cavab olaraq Savaşan, “Sənin işin-gücün səviyyəsizlikdir” deyib.
Talatın “tərbiyəsiz” ifadəsindən sonra Savaşan onun üzərinə yeriyərək fiziki müdaxilə edib.
Hadisədən sonra zalda qarışıqlıq yaranıb, digər millət vəkilləri tərəfləri ayırmağa çalışıblar. Qadın millət vəkillərinin baş verənləri narahatlıqla izlədiyi anlar diqqət çəkib.
Məclis sədri Zorlu Töre vəziyyətə müdaxilə edərək iclasa fasilə elan edib. Olay ŞKTR-nin siyasi gündəmində geniş müzakirələrə səbəb olub.
Mövsüm,
AzNews.az