- Dünyanın halı
- 16:19
- 1 585
ABŞ donanması üçün yeni alternativ: Türkiyə ABŞ üçün hərbi gəmilər istehsal edəcəkmi?
ABŞ Donanması 2025-ci ildə “Constellation” sinifli freqat proqramını ləğv edib. Rəsmi Vaşinqton bu qərarın daha sürətli inşa edilə bilən yeni döyüş gəmisi siniflərinə keçid məqsədi daşıdığını açıqlayıb. Layihə müddətində tez-tez baş verən gecikmələr və texniki problemlər proqramın dayandırılmasına səbəb olub.
Proqramın ləğvindən sonra ABŞ dəniz gücünü müasir səviyyədə saxlamaq üçün alternativ variantlar axtarmağa başlayıb. Bu alternativlərdən biri isə son illər hərbi gəmiqayırma sahəsində sürət və maliyyət baxımından diqqət çəkən Türkiyə olub.
Xüsusilə Çinin artan təsiri fonunda ABŞ-ın Asiya–Sakit okean regionuna yönəlik siyasətinə daha çox önəm verdiyi bildirilir. Bu çərçivədə Vaşinqton üçün əsas prioritetlərdən biri dünyanın ən güclü donanmalarından sayılan ABŞ Donanmasının yenilənməsidir. Lakin ölkə daxilində keçirilən tenderlərdə yaşanan uğursuzluqlar və ardıcıl ləğvlər ABŞ-ı xaricdə tərəfdaş axtarmağa vadar edib.
Bu kontekstdə Türkiyə ən real alternativlərdən biri kimi ön plana çıxır. “Middle East Eye” nəşrinə danışan mənbələr bildiriblər ki, ABŞ Donanması ilə Türkiyə arasında 2025-ci ildən etibarən hərbi gəmi inşası sahəsində əməkdaşlıq imkanları müzakirə olunur.
Son həftələrdə ABŞ Dəniz Sistemləri Komandanlığının (NAVSEA) nümayəndə heyətinin “İstanbul Tersanəsi Komandanlı”ğına səfəri bu istiqamətdə ən diqqətçəkən hadisələrdən biri olub.
Mövzu ilə bağlı “Milliyet.com.tr” üçün açıqlama verən Müdafiə və Dənizçilik Araşdırmaçısı Kozan Selçuk Erkan bildirib ki, ABŞ uzun illərdir yeni döyüş gəmisi dizaynı hazırlamır:
“ABŞ uzun müddət hərbi gəmi dizaynı üzərində işləməyib. Bu səbəbdən mövcud bilik və təcrübə itirilib. Yenidən dizayn etməyə cəhd etdikdə isə uğur əldə olunmadı. Eyni problem gəmi inşasında çalışan ixtisaslı kadrlarla bağlı da mövcuddur.”
Erkan qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın yeni gəmi istehsalına dəstək verəcəyi ilə bağlı açıqlamalarına baxmayaraq, bu sahədə çalışacaq yetərli peşəkar personal tapılmır.
Ekspertin sözlərinə görə, ABŞ Donanması freqat layihəsi üçün tender elan etdikdə heç bir ABŞ şirkəti uyğun dizayn təqdim edə bilməyib:
“Bunun ardından İtaliya və Fransanın ortaq dizaynı qəbul edildi. Lakin bu dizayn ABŞ-ın tələblərinə uyğunlaşdırılarkən uğursuzluq yaşandı. Hazırda isə əvvəl inşa etdikləri sahil mühafizə gəmilərini əsas götürərək freqat hazırlamağa çalışırlar.”
Mütəxəssislərin fikrincə, Türkiyə son illərdə əldə etdiyi texnoloji imkanlar, sürətli istehsal gücü və nisbətən aşağı maliyyətlə ABŞ üçün ciddi alternativə çevrilə bilər. Mümkün əməkdaşlıq həm hərbi, həm də geosiyasi baxımdan yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Mövsüm,
AzNews.az