Rusiya və Ukrayna əsir götürülmüş 314 əsgərini mübadilə edib

ABŞ, Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli danışıqlarda əldə olunan razılaşmaya əsasən tərəflər arasında genişmiqyaslı əsir mübadiləsi həyata keçirilib. Ümumilikdə 314 hərbçi qarşılıqlı şəkildə dəyişdirilib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Ukrayna tərəfindən əsir götürülmüş 157 rus hərbçisi Rusiyaya qaytarılıb. Bunun müqabilində Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin 157 üzvünü Kiyevə təhvil verib.

Açıqlamada həmçinin Ukrayna ordusu tərəfindən əsir alınmış Kursk vilayətinin 3 mülki sakini olan Rusiya vətəndaşının da azad edilərək geri göndərildiyi qeyd olunub.

Nazirlik vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ rus hərbçilərinin əsirlikdən azad edilməsi prosesində humanitar yardım göstərib.

Azad edilən rus hərbçilərinin hazırda Belarus ərazisində olduğu, onlara zəruri psixoloji və tibbi yardımın göstərildiyi bildirilib. Hərbçilərin daha sonra Rusiya Müdafiə Nazirliyinə tabe olan xəstəxanalara göndərilərək müalicə və reabilitasiya prosesinə cəlb ediləcəyi açıqlanıb.

Mövsüm,

AzNews.az