- Dünyanın halı
- 18:12
- 846
İran və ABŞ arasında Omanda keçirilən danışıqlar başa çatıb
İran ilə ABŞ arasında Omanın paytaxtı Maskatda keçirilən dolayı danışıqlar yekunlaşıb. Tərəflər hələlik görüşlərin nəticələri ilə bağlı rəsmi açıqlama verməyib.
İran dövlət televiziyasının məlumatına görə, Bakı vaxtı ilə təxminən 10:00-da başlayan ABŞ–İran danışıqları başa çatdıqdan sonra İran nümayəndə heyəti yerləşdikləri iqamətgahlara qayıdıb.
Televiziya müxbirinin bildirdiyinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi danışıqların “hələlik” başa çatdığını və hər iki ölkənin nümayəndə heyətlərinin öz ölkələrinə dönməsinin planlaşdırıldığını açıqlayıb.
Qeyd olunub ki, danışıqların nəticələri barədə tərəflər tərəfindən hələlik heç bir rəsmi məlumat verilməyib.
Müzakirələrdə İran nümayəndə heyətinə Xarici İşlər Naziri Abbas Əraqçi, ABŞ tərəfinə isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib. Uitkoffun heyətində Trampın kürəkəni və müşaviri Cared Kuşner, eləcə də ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandanı Bred Kuper də yer alıb.
İran heyətinə isə Xarici İşlər Nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi, iqtisadi məsələlər üzrə müavini Həmid Kanbəri və nazirliyin hüquqi məsələlər üzrə müavini Kazım Qəribabadi daxil olub.
Danışıqlar zamanı Oman Xarici İşlər Naziri Bədr bin Həməd əl-Busaidi, Abbas Əraqçi ilə Stiv Uitkoff arasında mesaj mübadiləsinə vasitəçilik edib.
Mövsüm,
AzNews.az