Yeni çağırışlara cavab verən struktur islahatları

Struktur islahatları ölkəmizin daha da inkişafına yönəlib.

Hər bir islahatın uğuru həm də onun aktuallığından, miqyasından, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarını özündə yüksək səviyyədə əks etdirməsindən asılıdır. Yeni situasiyaya və çağırışlara cavab verən struktur islahatları ölkəmizin daha da inkişafına yönəlib. İdarəetmə sistemində davamlı islahatların aparılması bu sahədə paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, dinamikliyə, mobilliyə, daha çevik, operativ idarəçilik mexanizminin formalaşmasına xidmət edir. İdarəetmə sistemi və icra mexanizmi sahələrində həyata keçirilən islahatlar qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır.

Struktur islahatlarına xüsusi diqqət yetirən dövlət başçısı bu ildə də islahatların davamlı olacagına diqqət çəkib. Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr edilmiş iclasda bu barədə bildirib: “Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır”.

Ötən illərdə Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi, lüzumsuz idarəetmə halqalarının ləğv edilməsi, idarəetmənin daha çevik vətəndaşa daha yaxın olması istiqamətində mühüm işlər həyata keçirilib. Prezident Adminstrasiyasında, Nazirlər Kabinetində aparılan islahatlar buna misal ola bilər. Prezident Administrasiyasında islahatlar aparıldı, prezidentin köməkçiləri institutu yaradıldı, müəyyən şöbələr ləğv edildı. Azərbaycan prezidentinin 2017-ci il 23 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edildi və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 280 ştat vahidindən 200 ştat vahidinə endirildi, ixtisarlar aparıldı. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradıldı. Həmçinin, bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirildi. Fəaliyyətinə ehtiyac olmayan şöbələrin ləğv edilməsi, birləşdirilməsi, artıq ştatların ləğv edilməsi bir tərəfdən dövlət vəsaitinin qənaət edilməsinə şərait yaradır, digər tərəfdən isə dövlət siyasətinin həyata keçirilməsində çeviklik və dinamikliyin artmasına imkan yaradır.

Respublikamızın son 15 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər möhkəm təmələ əsaslanır. Son illərdə bu inkişaf modelinin yeni dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsinə xidmət edən kompleks islahatlar Azərbaycanı zəif və tənəzzül edən iqtisadi sistemə, düzgün siyasi institusional quruluşa, marginallaşmış ictimai şüura malik sosiumdan yeni davranış normaları və stereotipləri, davamlı siyasi sistemi və mərhələlər üzrə formalaşmaqda olan demokratik təsisatları, bazar sisteminə xas iqtisadi strukturu olan əlverişli geopolitik məkana çevirməyə imkan verib.

Bu gün dünyanın ən müxtəlif iqtisadi mərkəzləri respublikamızın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini öyrənməyə çalışırlar. Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yeri tutub. Bu nəticə ilə ölkəmiz Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Bu fakt bir daha gösərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə səmərəli və effektiv dövlət idarəetmə aparatı yaranıb.

Demokratik dövlətin mühüm təsisat kimi başlıca vəzifəsi bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır. Maddi sıxıntılar içərisində yaşayan insan azad ola bilməz və iqtisadi baxımdan inkişaf etməmiş hansısa cəmiyyətdə demokratiya qurmaq mümkün deyildir. Azərbaycan demokratik tranzit mərhələsində olan ölkə kimi demokratik inkişaf yolunun dönməzliyini və əbədiliyini özü üçün tam yəqinləşdirmiş, xalqın gələcək inkişafında bu mütərəqqi dəyərlərin rolunu və əhəmiyyətini daim önə çəkib. Azərbaycanda liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatların aparılması mühüm nəticəlr verir.

Azərbaycan insanının gün-güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, respublikamızda işsizlik-yoxsulluq kimi ağır sosial bəlalar artıq həllini tapır. Bütün bunlarla yanaşı, Azərbaycanda demokratiyanın təntənəsi, qanunların aliliyi, haqq-ədalətin zəfəri üçün bütün lazımi tədbirlər həyata keçirilir. Azərbaycanın mövcud iqtisadi potensialının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar ölkəmizin elmi inkişafına doğru sürətli kurs götürdüyünü təsdiqləyir.

Bu gün dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlişini təmin edəcək.

© AzNews.az