"Ermənistan ABŞ-ın müttəfiqi deyil"

Biz illərlə bəzi dairələr və ya dövlətlərdən Ermənistana dəstəyin verildiyini görürük

"Son illərin bölgədə formalaşan geosiyasi və geoiqtisadi reallığında Cənubi Qafqazda təhlükəsizlik məsələsi qlobal anlamda ön plana çıxdı. Bölgədə təhlükəsizliyin təmin edilməsi isə Dağlıq Qarabağ münaqişəsinin həllini vacib etdi".

AzNews.az bildirir ki, bunu Milli.Az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması və bu təhlükəsizliyin vacib elementi kimi Dağlıq Qarabağ münaqişəsinin reallaşmasını zərurətə çevirdi:

"İstər Qərbdən Şərqdə, istərsə də Şimaldan Cənuba keçid olan Cənubi Qafqazın nəqliyyat, iqtisadi və digər imkanları genişlənməsi üçün Dağlıq Qarabağ konfliktinin həlli üzərindən qiymətləndirildi. Bu konfliktə görə, regionlararası daşınmalar daha baha başa gələn kanallarla, bəzi ölkələr üzərindən, sabit olmayan xətlər üzərindən həyata keçirilirdi. Son illərdə bu daşınmaların, xüsusən də enerji resurslarının tranzitinin o qədər də təhlükəsiz olmayan yerlərdən reallaşdırılması dünya birliyini, Avropa İttifaqını bir faktı anlamağa sövq etdi. Bu da ondan ibarətdir ki, daha rahat, qısa və daha təhlükəsiz bir yol var - bu yol Azərbaycandan keçir. İqtisadi və vaxt itkisinin qarşısını almaq üçün bu yolun, yəni Azərbaycanın təhlükəsizliyini və sabitliyini təmin etmək lazım idi. Bunun üçün də Dağlıq Qarabağ məsələsini həll etmək lazımdır. Əlbəttə, bu reallıq dərhal və özü özlüyündən yaranmadı. Bu reallıqlar son 15 ildə Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi layihələrin həyata keçirilməsində təşəbbüskar və icraçı rolu böyük ölçüyə malikdir. Bu kimi amillər Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması və bu təhlükəsizliyin vacib elementi kimi Dağlıq Qarabağ münaqişəsinin reallaşmasını zərurətə çevirdi.

Biz illərlə bəzi dairələr və ya dövlətlərdən Ermənistana dəstəyin verildiyini görürük. Bu, siyasi dəstəkdən həmin ölkələrin hökumətlərinə təsir edən iqtisadi lobbi qruplarının sifarişinin ifadəsidir. Məsələn Fransanın ənənəvi ermənipərəst mövqeyi belə, birbaşa belə iqtisadi lobbilərin təsir rıçaqlarına əsaslanır. ABŞ daxili siyasətində erməni lobbisinin yükü danılmazıdır, Donald Trampın adminstrasiyası zamanında ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyinə əvvəlki illərə nisbətdə daha obyektiv olub və biz bu obyektivliyi rəsmi ABŞ siyasətində hiss etsək də, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı fəaliyyətində qətiyyən hiss etməmişik. Co Bayden haqqında danışırıqsa ilk onu qeyd edim ki, Bayden ABŞ siyasətində erməni lobbisinin ənənəvi dəstəkçi ünvanı kimi tanınan Demokratlar partiyasının erməni lobbi qrupunun işlədiyi simalardan biridir. Co Baydenin seçki kampaniyası üzvlərindən bir neçəsi də Amerika Erməni Assambleyasının və ABŞ Konqresində fəaliyyət göstərən Amerika Erməni Milli Komitəsinin, bir sözlə, ABŞ-dakı erməni lobbi qrupu ilə aktiv çalışan simalar var. Vaşinqtonun siyasi dairələrinə təsir etmək iqtidarında olan və ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi tanınan erməni lobbi qrupu - Amerika Erməni Milli Komitəsinin bir üzvü Baydenin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat mətninin müəllifi idi və bu bəyanat Co Bayden üçün ən uğursuz bir vaxtda səsləndi. Ermənistanın Bərdədə mülki əhaliyə qarşı qadağan olunmuş kassetli raketlərlə hücumu ilə 24 nəfərin ölməsi və 61 nəfərin yaralanması günü səslənmişdir. Burda bir haşiyə çıxım ki, ANCA - Amerika Erməni Milli Komitəsinin bəzən hətta kriminal addlmları hesabına ABŞ vergi ödəyicilərinin vəsaitinin ABŞ-ın Cənubi Qafqazda maraqlarına zərər vuran bir ölkənin - Ermənistanın maraqlarına xidmət edir. Məsələ ondadır ki, AEMK-in ABŞ konqresində bu qədər geniş təsir imkanlarına rəğmən, ABŞ-ın xarici maliyyə yardımları ayırdığı ölkələr siyahısında öndə gedən və geniş dəstək görən Ermənistan ABŞ-ın müttəfiqi deyil, Cənubi Qafqazda Rusiyanın vassalı və İranın müttəfiqidir. Ermənistanın regionda siyasi-hərbi tərəfdaşı Rusiya, ticari tərəfdaşı İrandır. Hər iki ölkəyə ABŞ-ın sanksiyaları tətbiq olunur. AEMK-in lobbiçilik fəaliyyətinin regionda siyasi sabitliyə və təhlükəsizliyə təhlükədir və Dağlıq Qarabağda bu il baş verən Tovuza qarşı hərbi təcavüzün əsas təşəbbüskarı məhz bu lobbi qrupudur. Co Bayden Bərdə faciəsi günü belə bəyanat səsləndirməsinin isə partiyasının ABŞ-dakı erməni lobbi qrupu ilə ənənəvi əlaqələrindən kənarda daha başqa bir əlaqəsinin mövcudluğu ilə izah olunur. Məsələ ondadır ki, Bayden ailəsinin Rusiya və Ukraynadakı biznes əlaqələri bu ölkələrdəki erməni lobbi qrupunun simaları ilə ortaq biznes maraqları kimi təşəkkül tapıb".