Baydenin müsəlman ölkələri ilə bağlı sərəncamı nədən xəbər verir? - ŞƏRH

Tramp dövlətlərə yönəlik siyasət yürüdən prezident kimi yaddaşda qalmışdı

Xəbər verdiyimiz kimi dünən ABŞ-ın yeni prezidenti Cozef Bayden bir çox sərəncam imzaladı. Bunlardan biri də bəzi müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a giriş qadağasının ləğvi haqqında olub.

Bu sərəncamın nədən xəbər verməsi və sonradan nələrə səbəb ola biləcəyi haqda beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli AzNews.az-a açıqlama verib.

Onun fikirlərinə görə, Baydenin qərarlarına baxanda görmək mümkündür ki, verdiyi sərəncamlar keçmiş prezident Donald Tramp tərəfindən veto qoyulmuş siyasi istiqamətlərlə bağlıdır: “Təsəvvür edin ki, Tramp dönəmi sona çatdı və o, Ağ ev ilə bağlı bir çox ənənələri qırdı, bir ilk yaratdı. Mən düşünürəm ki, onun məğlubiyyəti ilə bağlı da yüzdə-yüz nəsə demək mümkün deyil. Çünki bir çox qaranlıq məqamlar qaldı. ABŞ seçki tarixinin qaranlıq döməmlərindən biri yaşandı. Bunu hansı ki, demokratiya, insan haqları nöqteyi-nəzərindən izah etmək çox yanlış olar. Baydenin sərəncamlarına gəldikdə, müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a giriş qadağasının götürülməsi ilə bağlı bir qərar var. Blinkenin (səhv etmirəmsə, Xarici İşlər naziri təyin olunacaq şəxsdir) açıqlamaları o oldu ki, artıq Bayden tamamilə fərqli bir siyasət yeridəcək. Bununla orada bu yanaşmanı görmək mümkündür ki, təxminən 5-6 milyon nəfərə çatan müsəlman əhalisi Baydeni dəstəkləməyə başlayacaq. Eyni zamanda hesab edirəm ki, Trampın yol verdiyi bir sıra məsələlər var: İsraillə məsələlərdə Qüds məsələsi; qaçqınların axını ilə bağlı qoyduğu qadağalar. Bütün bunlar ABŞ əleyhinə ciddi bir nüans formalaşdırmışdı. Baxmayaraq ki, xalqlara yönəlik deyil, Tramp dövlətlərə yönəlik siyasət yürüdən prezident kimi yaddaşda qalmışdı".

Əziz Əlibəyli bildirib ki, Bayden artıq bundan İslam dünyasına, müsəlman ölkələrinə xoş bir mesajını vermiş oldu: "İlk başlanğıcda təxminən 15-ə yaxın verdiyi sərəncamlardan biri də müsəlman ölkələrinin vizası ilə bağlı idi. Bu həm də nədən xəbər verir? Mənim fikrimcə, “Amerika öz dəyərlərinə geri döndü” açıqlamasını verəndə İnsan haqları və demokratiya ilə bağlı dünya ölkələri ciddi basqı altına alınacaq. Bu ölkələr arasında müsəlman ölkələrinin xüsusi yeri var. Əlbəttə ki, müsəlman ölkələrinə vizaların qaldırılması məhz bu ölkələr istiqamətində ABŞ-ın başqa, yeni bir istiqamətinin olduğunu göstəricisidir. Mən düşünürəm ki, çox çətin olacaq. Xüsusilə Türkiyə, müəyyən dərəcədə İran üçün... Hətta mümkün olar ki, Obama dönəmində inkişaf etmiş, ortaya çıxmış İŞID problemi, bununla yanaşı Orta Şərqdə terror təşkilatlarının, dövlətaltı qurumların və terrorizə olunmuş qrupların meydana çıxmasından müşayiət olunan dönəm geri qayıda bilər. Çünki buna hesablanmış bir addımdır. Şahidi olacağıq ki, əslində sözdə demokrat olan hümanist dəyərlər, müsəlmanlar mesajının arxasından növbəti dəfə hansı coğrafiyada, hansı müsəlman ölkəsini qanına qəltan edirlər”.

Səidə

AzNews.az