Oqtay Qasımov hesab edir ki, Xankəndində iki qrup arasında başlayan bu savaşın taleyi İrəvanda vəziyyətin hansı istiqamətə dəyişəcəyindən asılı olacaq Oqtay Qasımov hesab edir ki, Xankəndində iki qrup arasında başlayan bu savaşın taleyi İrəvanda vəziyyətin hansı istiqamətə dəyişəcəyindən asılı olacaq

Xankəndində separatçılar arasında mübarizə: Rusiyanın istəyi... - Politoloq

Oqtay Qasımov hesab edir ki, Xankəndində iki qrup arasında başlayan bu savaşın taleyi İrəvanda vəziyyətin hansı istiqamətə dəyişəcəyindən asılı olacaq

Xankəndində separatçılar arasında hakimiyyət uğrunda mübarizə gedir. Separatçıların lideri Araik Arutyunyanın hakimiyyətə gəlməsində Ermənistanın Baş naziri Nikol Paşinyanın böyük rolu və dəstəyi olub. Ancaq II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Arutyunyan Moskvaya səfər edərək orada müəyyən danışıqlar aparıb. Bir neçə gün əvvəl yayılan qeyri-rəsmi məlumatlara görə, Araik növbəti dəfə Moskvada olub. Böyük ehtimalla özü və “hakimiyyəti” üçün müəyyən təminatlar almağa çalışır. Amma savaşdakı məğlubiyyətdən sonra həm Ermənistanda Paşinyanın mövqeləri zəifləyib, ona qarşı geniş müxalifət koalisiyası yaranıb, həm də Paşinyanın adamı kimi Xankəndində Araik Arutyunyanın da nüfuzu azalıb. Çünki məğlubiyyətin səbəbkarı kimi Araiki təqdim edirlər. Əvəzində Vitali Balasanyan faktoru ortaya çıxıb.

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov hazırda Xankəndində separatçılar arasında mümkün çəkişmələr haqqında danışarkən bildirib.

Oqtay Qasımov xatırladır ki, Vitali Balasanyanın partiyası daxil, bir neçə partiyanın ötən ilin dekabr ayının sonlarında bəyanatı olub:

“Həmin açıqlamada bu partiyalar Araik Arutyunyanın hansısa razılaşmaları pozduğunu elan edib. Yəni Araik Arutyunyana qarşı ittiham irəli sürübülər. Qeyd ediblər ki, onlar açıq müxalifətə keçirlər. Baxmayaraq ki, Vitali Balasanyan məhz Araik Arutyunyanın “qərarı” ilə “Təhlükəsizlik Şurasının katibi” postuna təyin edilib. Oradakı durum göstərir ki, Araik Arutyunyanla Vitali Balasanyan arasında mübarizə gedir. Keçmiş səhra komandirləri, “Qarabağ klanı” Vitali Balasanyanı müdafiə edir, o cümlədən Robert Köçəryan. Bu tərəfdə isə Araik Arutyunyan və ətrafında olan şəxslər var. Hər halda Arutyunyan Vitali Balasanyan və digər səhra komandirləri qədər terror və cinayət əməllərində iştirak etməyib. Sözsüz ki, Araik də I Qarabağ müharibəsi zamanı Azərbaycan dövlətinə qarşı çıxıb, bizə qarşı savaşda rol alıb. Sadəcə o dövrdə öndə olmadığı üçün adı çox hallanmayıb. Amma Vitali Balasanyan, Samvel Babayan, Arzumanyan və digərləri daha çox fərqləniblər. İndi Xankəndində hakimiyyət uğrunda əsas mübarizə bu iki qrup arasında gedir. Balasanyan keçmiş səhra komandirləri, habelə Köçəryan-Sərksiyan tərəfindən dəstəklənir. Nikol Paşinyana yaxın olmuş Araik və onun ətrafı isə digər cinahdadır. Sadəcə son hadisələrdən sonra Araikin Nikol Paşinyanla əvvəlki qədər yaxın olmadığı sezilir”.

Oqtay Qasımov hesab edir ki, Xankəndində iki qrup arasında başlayan bu savaşın taleyi İrəvanda vəziyyətin hansı istiqamətə dəyişəcəyindən asılı olacaq:

“Əlbəttə, burada hər şey Rusiyanın Ermənistanda hakimiyyətə münasibətindən asılı olacaq. İndiki durumda belə görünür ki, Rusiya Ermənistanda Paşinyan iqtidarının bir müddət qalmasında maraqlıdır, eləcə də Qarabağda Araik Arutyunyanla işləməkdə. Məncə, Köçəryanın Moskva səfəri bu məsələləri müəyyən qədər aydınlaşdıra bilər. Bildiyiniz kimi bir həftə əvvəl Köçəryan geniş müsahibə verdi. Açıq bildirdi ki, mart ayından başlayacaq yeni etiraz aksiyalarında fəal iştirak edəcək. Köçəryan hakimiyyət iddiasını da gizlətməyib. Deyib ki, seçkilərdə iştirak edəcək və onun partiyası qalib gələcək. Köçəryan hakimiyyət iddiasını ortaya qoyub və indi görünən odur ki, Moskvada danışıqlar aparır. Əgər razılaşma əldə edilsə və Moskva hesab etsə ki, zamanı gəldiyi üçün Köçəryan hakimiyyətə gəlməlidir, bu zaman Araik Arutyunyanın vəziyyəti ağır olacaq. Yəni Vitali Balasanyan başda olmaqla, keçmiş səhra komandirləri onu daha çox sıxışdıracaq. Bu baxımdan Köçəryanın Moskva səfəri bir sıra məsələləri aydınlaşdıracaq. Unutmayaq ki, Ermənistanda da Köçəryanla bağlı maraqlı fikirlər yayılmağa başlayıb. Bu fikirlərə görə, müxalifətin vahid namizədi Vazgen Manukyandan gözlənilən nəticələr alınmayıb. Bu səbəbdən format dəyişə və Köçəryan əsas sima kimi ortaya çıxa bilər”.

Köçəryanın hakimiyyətə gəlməsini bölgədə sülh və sabitliyə maneə yaradılması yolunda əngəl hesab edən O. Qasımov düşünür ki, burada Moskvanın mövqeyi həlledici olacaq:

“Əlbəttə, Ermənistan ordusu dağıdılıb, ciddi itkilər verib və potensialının əhəmiyyətli hissəsindən mərhum olub. Amma nəzərə almaq lazımdır ki, Köçəryan və ətrafında birləşənlər revanşist şəxslərdir. Onlar hərbi cinayətlər törədiblər və Azərbaycan bir çox belə hərbi canilərə qarşı cinayət işi qaldırıb. Üstəlik Azərbaycan dövlət başçısı MDB liderlərinin video-konfrans şəklində keçirilən toplantısında bu məsələyə sərt reaksiya verib. Həm müharibə, həm də müharibədən sonrakı dönəmdə Azərbaycan Prezidentinin açıqlamlarından Köçəryan-Sərksiyan cütlüyünün fəaliyyətinə sərt qiymət verilib.

Hazırkı durumda isə Ermənistanda hakimiyyətlə bağlı dəyişiklik olmayacaqsa, Xankəndində Arutyunyan yerində qalacaq. Yox, əgər Paşinyan küçə aksiyalarının təsiri ilə getməli olacaqsa, bu zaman Xankəndində ermənilər arasında durum kəskinləşə və Araikin göndərilməsi üçün addımlara başlanıla bilər".

Bütün hallarda biz prosesi diqqətlə izləməli, vəziyyətə uyğun adekvat addımlar atmalıyıq”. (teleqraf)