Rusiya Ukraynaya hücum edəcəkmi? - Xaqani Cəfərlinin şərhi

Türkiyə ilə yanaşı, ABŞ da Ukrayna ordusunun güclənməsinə ciddi dəstək verir

Rusiyanın Ukrayna ilə sərhəddə əlavə ordu cəmləşdirməsi bölgədə yeni müharibə təhlükəsi ehtimalı ilə bağlı fikirlər formalaşdırmağa başlayıb. Rəsmi Moskva bu addımını rəsmi Kiyevin təxribata cəhd göstərə biləcəyi ilə izah edir. Kremldə hesab edirlər ki, son zamanlar rəsmi Kiyev Donbasa nəzarəti güc yolu ilə bərpa etmək və Krımı geri qaytarmaq niyyətindədir.

Azərbaycan İkinci Qarabağ müharibəsində işğal altındakı torpaqlarını azad etdikdən sonra Gürcüstan, Moldova və Ukraynada da öz ərazi bütövlüklərini bərpa etmək istəyi güclənib. Suverenliyi Rusiya tərəfindən pozulmuş bu üç respublikada hətta Azərbaycanın hərb təcrübəsinin öyrənilməsi arzusu da yaranıb.

Beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri üzərində suverenliyini bərpa etmək istəyi Ukraynanın siyasi, diplomatik və hərbi siyasətində xüsusilə müşahidə olunur. Rəsmi Kiyev Azərbaycanın yolu ilə gedərək Türkiyənin daha çox dəstəyini qazanmağa çalışır. Ankaranın siyasi, diplomatik dəstəyini qazanan Ukrayna Türkiyənin hərbi sahədə də dəstəyindən yararlanmağa başlayıb. Xüsusilə Ukrayna Türkiyənin Pilotsuz Uçuş Aparatlarına böyük maraq göstərir. Eyni zamanda, Ukrayna Türkiyədən gəmilər əleyhinə raketlər də alır. Türkiyə Krımın Rusiya tərəfindən ilhaqını birmənalı olaraq tanımaqdan imtina etməklə yanaşı, Ukrayna ordusunun güclənməsinə də yardım göstərir. Ankara hətta Ukraynaya 200 milyon lirəlik hərbi təyinatlı kredit də ayırıb. Ankaranın Kiyevə ayırdığı bu kreditin əvəzində Türkiyə Ukrayna ordusuna döyüş texnikası və silah verib.

Türkiyə ilə yanaşı, ABŞ da Ukrayna ordusunun güclənməsinə ciddi dəstək verir. Əksər hərbi ekspertlər Ukrayna ordusunun 2014-2015-ci illərdəki ordudan kəskin fərqləndiyini bildirirlər.

Hərbi güclə yanaşı, Ukraynanın siyasi və diplomatik dəstəyi də artıb. Xüsusilə də Co Baydenin ABŞ prezidenti seçilməsi Ukraynanın Rusiya ilə qarşıdurmada siyasi və diplomatik dəstəyini gücləndirib. Məhz Co Baydenin prezident seçilməsindən sonra Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın təsir dairəsini zəiflətmək üçün bir sıra ciddi addımlar atıb. Bu tədbirlər isə Moskvada ciddi narazılıq doğurub. Moskvanı ən çox narahat edən məsələlərin önündə isə martın 24-də prezident Vladimir Zelenskinin imzaladığı "Krımın işğaldan azad edilməsi və reinteqrasiyası strategiyası"dır. Moskvada hesab edirlər ki, Krımın işğalından 7 il sonra rəsmi Kiyevin belə bir sənədi qəbul etməsi Ukraynanın yarımada üzərindəki nəzarətini bərpa etmək niyyətini rəsmiləşdirməsidir. Digər tərəfdən, Ukrayna ordusunun müntəzəm olaraq küçə döyüşləri təlimi keçirməsi Rusiya tərəfindən rəsmi Kiyevin separatçı bölgələr üzərində nəzarəti güc yolu ilə bərpa etmək niyyəti kimi dəyərləndirilir.

Rusiya rəsmiləri Ukrayna sərhəddinə əlavə ordu göndərmələrini də məhz rəsmi Kiyevin son addımlarından sonra yaranmış vəziyyətə cavab tədbiri kimi qiymətləndirirlər. Ukrayna ilə Rusiya arasında müharibə ehtimalının artması Avropa paytaxtlarında da narahatlıqla izlənilir. Martın 30-da Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin Rusiya prezidenti Vladimir Putinlə videokonfrans formatında danışıqlarının əsas mövzusu Kiyevlə Moskva arasında münasibətlər olub. Qeyri-rəsmi məlumatlara görə, Makron və Merkel Putini Ukraynaya qarşı müharibəyə başlamaqdan çəkinməyə çağırıblar. Eyni zamanda, belə məlumatlar var ki, Makron və Merkel Putinə Vaşinqtonun da mövqeyini çatdırıblar. Hətta Co Bayden administrasiyasının "Ukraynaya qarşı müharibə Rusiyanın son müharibəsi olacaq" mesajını yolladığı da yayılan məlumatlar arasındadır.

No description available.

Rusiya ilə Ukrayna arasında müharibə ehtimalını artıran başqa məqamlar da var. Bir çox ekspertlər hesab edirlər ki, Rusiya Krıma torpaq üzərindən yol əldə etməsə, yarımadanı nəzarətdə saxlaya bilməyəcək. Digər tərəfdən, Krımın Ukrayna tərəfindən təcrid edilməsi yarımadada həyatı tədricən mümkünsüz hala gətirir. Xüsusilə də, Ukraynanın Krıma su verməkdən imtina etməsi yarımadada ciddi problemlər yaradıb. Krımın ərazisinin bir hissəsinin səhralaşması və yararsız hala gəlməsi vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.

Yarımadada su problemi Krımın iqtisadiyyatının əsasını təşkil edən turizmi də məhvə aparır. Bu amillər Krımda Rusiyaya qarşı əhval-ruhiyyəni gücləndirir. Bu məqam sosial şəbəkələrdə daha aydın hiss edilir. Əgər 7 il əvvəl krımlıların əksəriyyəti yarımadanın Rusiyaya birləşməsindən sonra həyat səviyyəsinin yüksələcəyinə ümid edirdilərsə, indi bu ümid peşmançılıqla əvəz olunur. Rusiyanın hakim dairələrində anlayırlar ki, Krımda yaranmış vəziyyəti həll etməsələr, vəziyyət tədricən daha da ağırlaşacaq. Eyni zamanda, Ukraynanın da artıq Krımı və Donbası geri qaytarmaqda qərarlı olduğuna Moskvada tam əmindirlər. Ona görə də bölgədə yeni müharibə ehtimalı çox artıb.

Aydın görünür ki, Ukrayna ilə Rusiya arasında kompramis mümkün olmadığı kimi, ziddiyətlər və qarşılıqlı təhdidlər də artır. Bütün bunlar isə Rusiya ilə Ukrayna arasında müharibənin qaçılmaz olduğunu söyləməyə imkan verir.

Rusiya daxilində narazılıqların artması da hakimiyyəti hansısa hərbi münaqişəyə sövq edə bilər. Bir çox ekspertlər hesab edirlər ki, Kreml 2014-cü ildə olduğu kimi Krımla bağlı hərbi əməliyyatlara başlamaqla cəmiyyətdəki narazılığın xarici düşmənə qarşı nifrətlə əvəzlənməsinə və diqqətin sosial-iqtisadi problemlərdən yayındırılmasına nail ola bilər.

Xaqani Cəfərli