Yusif Bağırzadə: "Ermənistan minaların yeri barədə məlumatı təqdim etmir" Yusif Bağırzadə: "Ermənistan minaların yeri barədə məlumatı təqdim etmir"

"O xəritə Ermənistanda var" - Politoloq

Yusif Bağırzadə: "Ermənistan minaların yeri barədə məlumatı təqdim etmir"

"İşğaldan azad edilmiş əraizlərimizdə kütləvi şəkildə basdırılmış minalar münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərimizin həyatı və yaşayışı üçün ciddi təhlükədir"

Bu sözləri Axeber.az- politoloq Yusif Bağırzadə 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə əlaqadər minalanmış ərazilərimizin gələcək taleyi ilə bağlı açıqlamasında qeyd edib.

O bildirib ki, bu gün dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. Belə bir gündə işğaldan azad edilmiş ərazilərimizin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin mina yerləri ilə bağlı məlumatlar əks olunmuş xəritələri verməkdən imtina etməsindən qaynaqlanan təhlükə barədə narahatlığımızı növbəti dəfə bütün dünyaya çatdırmaq lazımdır:

"Belə ki, işğaldan azad edilmiş əraizlərimizdə kütləvi şəkildə basdırılmış minalar münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərimizin həyatı və yaşayış imkanları üçün ciddi təhlükədir.

10 noyabr üçtərəfli bəyanatın imzalanmasından keçən dövr ərzində 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub, 85 vətəndaşımız ağır yaralanıb ki, onlardan da 16-sı yenə mülki şəxsdir.

Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən basdırılan minaların insanların həyatını itirməsinə səbəb olması faktını qınamağa çağırıb. Elə bu gün də Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən dünya birliyinə növbəti müraciət ünvanlanıb. Lakin təəssüf ki, Ermənistan tərəfi hələ də bu müraciətləri qulaqardına vuraraq minaların yeri barədə məlumatı təqdim etməkdən imtina edir. Bu isə beynəlxalq öhdəliklərin və humanitar hüququn ciddi şəkildə pozulması ilə yanaşı, həm də hərbi cinayətdir".

Politoloq qeyd edib ki, Ermənistan hər nə qədər müvafiq xəritələrə sahib olmadığını desə də, bunun belə olmadığını bütün dünya bilir: "Çünki basdırılan minaların xəritələnməsi mütləqdir və vacibdir. Xəritələnmə ən azından gələcəkdə öz hərbi qulluqçularının minaya düşməməsi üçün həyata keçirilir. Minanı basdıran hissə və döyüşən hərbi hissələr fərqlidir. Döyüşən əsgərlərdə o xəritə olmadığı halda minalanmış ərazilərdən xəbərsiz olurlar ki, bu da onların ölüm riskini artırır. Ona görə də Ermənistanın belə bir xəritənin olmaması ilə bağlı dedikləri absurddur və yalandan başqa bir şey deyil. Bu ərazilərin kütləvi minalanması bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olmaqla, həm də insanlarımızın öz evlərinə təhlükəsiz şəkildə qayıtmasına da mənfi təsir göstərir. Qısası, Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir".

Yusif Bağırzadə hesab edir ki, bu gün minalanmış ərazilərin xəritələrinin tələb edilməsi beynəlxalq təşkilatlar üçün bir nömrəli siyasi vəzifə olmalıdır: "Çalışmalıyıq ki, ərazilərin minadan təmizlənməsinə beynəlxalq təşkilatları da qoşa bilək. Beynəlxalq təşkilatların prossesə qoşulması həm olduqca böyük ərazilərin minalardan təmizlənməsini sürətləndirə, həm də ermənilərdən həmin xəritələrin alınmasına beynəlxalq birliyi cəlb etmək baxımdan faydalı ola bilər”.