"İranın həllini gözlədiyi böyük problemləri var" "İranın həllini gözlədiyi böyük problemləri var"

“Dəyişməyəcək tək şey İranın Yaxın Şərqdəki mövqeyidir” - Politoloq

"İranın həllini gözlədiyi böyük problemləri var"

18 iyun İbrahim Rəisi İranda keçirilən 13-cü prezident seçkilərində ümumi səslərin 50%-dən çoxunu toplayaraq qalib gəlib.

Açıqlanan məlumatlara görə, İ. Rəisi seçicilərin təxminən 63%-nin (17 milyon 800 min) səsini alıb.

Politoloq İlyas Hüseynov İran Prezident seçkilərinin nəticəsi barədə AzNews.az analitik-informasiya portalına danışıb.

O bildirib ki, İbrahim Rəisi seçkinin əsas namizədlərindən hesab edilirdi.

“İranda keçirilən prezident seçkilərində 100-dən çox namizədin iştirakı qeydə alınmışdı. Ancaq Qəyyumlar Şurası yalnız 7 nəfərin iştirakını təsdiqləyib.

Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi - Məsləhət Şurasının katibi Möhsün Rzayi və İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Kazizade Haşimi, həmçinin İran Mərkəzi bankının keçmiş rəhbəri Əbdülnaser Hemmati arasında gedib.

Yeni prezident İbrahim Rəisi seçkidə ən populyar namizədlərdən hesab edildiyi üçün onun seçilməsi gözlənilən idi. O , İranın Ali dini rəhbəri Əli Xomeyniyə yaxınlığı ilə seçilir.

İbrahim Rəisi 14 dekabr 1960-cı ildə Məşhəd şəhərində anadan olub.

1988-ci ildə İranın Ali dini rəhbəri Əli Xomeyninin göstərişi ilə həbsdə olan rejim əleyhdarlarının edam edilməsi məqsədiylə qurulan komitəyə üzv təyin olunub.

İbrahim Rəisi rejim əleyhdarları tərəfindən "ölüm komitəsi" adlandırılan 4 nəfərlik nümayəndə heyətinin rəhbəri olub. O, müxaliflər tərəfindən "Qatil Ayətullah" ləqəbi ilə tanınır.

Rəisi 2004-cü ildə İran Məhkəmə Şurası sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2014-cü ildə İranın baş prokuroru vəzifəsinə təyin olunur. 2019-cu ilə qədər baş prokuror və baş prokurorun müavini kimi vəzifələrini tutub. Hazırda Ali Məhkəmənin baş hakimidir”.

İlyas Hüseynov ABŞ-ın İbrahim Rəisi barəsində sanksiya qərarı verdiyini də vurğulayıb.

“Dəyişməyəcək tək şey İranın Yaxın Şərqdəki mövqeyidir.

Çünki son dövrlərdə Suriyadan tutmuş, İsrailə qədər İranın mövqeyləri möhkəmlənib. Hətta İranın Yaxın Şərqdə güclü bir oyunçuya çevrildiyini də demək olar.

Hazırda İranın həllini gözlədiyi böyük problemləri var.

Söhbət koronavirusun təsirləri, riyalın ucuzlaşması, artan inflyasiyadan gedir. Nüvə razılaşması ilə bağlı yekun qərarın müəyyənləşməsi, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar əsas problemlər sırasındadır.” – deyə politoloq əlavə edib.

Şəbnəm Zahir

AzNews.az