“Bu halda əhali etirazlara qalxaraq Nikol Paşinyanı devirməyə çalışacaq” “Bu halda əhali etirazlara qalxaraq Nikol Paşinyanı devirməyə çalışacaq”

“Paşinyan öhdəliklərə əməl etməyə məhkumdur” - Politoloq

“Bu halda əhali etirazlara qalxaraq Nikol Paşinyanı devirməyə çalışacaq”

Ermənistanda parlament seçkilərində qələbə qazanan Nikol Paşinyanın bundan sonra necə siyasət aparacağı sualı maraq doğurur.

Bu barədə politoloq Məhəmməd Əsədullazadə AzNews.az analitik-informasiya portalına danışıb.

O bildirib ki, Azərbaycan üçün praqmatik və reallığa üstünlük verən şəxsin hakimiyyətə gəlməsi lazımlı idi.

“Ermənistanın Nikol Paşinyana dəstək verməsi gözlənilən idi.

Ermənistandakı bu seçkiləri demokratik qiymətləndirmək olar. Çünki xalqın böyük əksəriyyəti, sülhü, təhlükəsizliyi, qonşu ölkələrlə əlaqələri qoruyacaq birinin seçilməyini istəyirdilər.

Paşinyanın hakimiyyətə gəlməsi 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsi üçün vacibdir. Çünki əldə olunan razılaşmaları Robert Koçaryanın bloku qəbul etmir, revanşist açıqlamalar verirdi. Ancaq N. Paşinyan blokadanın aradan götürülməsi, Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasına, kommunikasiya əlaqələrinin bərpasına mühüm diqqət edir.

Azərbaycanla əlaqələrə gəldikdə isə düşünmürəm ki, Azərbaycanla münasibətlər böhrana yuvarlansın. Çünki Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə əlaqələrdən asılıdır. İlham Əliyev və N. Paşinyan ABŞ-ın vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar üçün Tiflisdə görüşə bilərlər. Fikrimcə , N. Paşinyan Rusiyanın vasitəçilyini qəbul etməyəcək. Eyni zamanda Azərbaycanda Rusiyanın bu istiqamətdə fəaliyyətini qəbul etmir”.

M. Əsədullazadə qeyd edib ki, Paşinyan xarici siyasətdə qərblə ciddi əlaqələrə üstünlük verərək Rusiyanın mövqeyini zəiflətməyə çalışacaq.

“N.Paşinyan 10 noyabr və 11 yanvar razılaşmalarından irəli gələn öhdəlikləri yerinə yetirməyə çalışacaq. Çünki hakimiyyətinin möhkəmlənməsi bu razılaşmalara əməl etməsindən asılıdır. Paşinyan bu öhdəliklərin yerinə yetirilməsinə məhkumdur. O bu öhdəlikləri yerinə yetirməsə, Ermənistan blokadada qalacaq. Nəticədə ölkənin rifah halı, sosial-iqtisadi vəziyyəti daha da ağırlaşacaq. Bu halda, əhali etirazlara qalxaraq, Nikol Paşinyanı devirməyə çalışacaq. Bu Koçaryanın mövqelərinin möhkəmlənməsinə səbəb olacaq. Paşinyan bunları çox yaxşı bildiyi üçün öhdəliklərə əməl edəcək.

Paşinyanın hakimiyyətdə qalması regionda üçlük və altılıq platformalarda yer almasına gətirib çıxaracaq. Ermənistanın Rəcəb Tayyib Ərdoğanın elan etdiyi platformalarda iştirakı regionda iqtisadi layihələrin həyata keçirilməsi, ümumi təhlükəsizliyin təmin olunmasına səbəb olacaq”, -deyə M.Əsədullazadə bildirib.

Şəbnəm Zahir

AzNews.az