"Paşinyanın təbirincə desək, Ankara İrəvana kifayət qədər müsbət siqnal göndərib" "Paşinyanın təbirincə desək, Ankara İrəvana kifayət qədər müsbət siqnal göndərib"

Ermənistan Türkiyədən hansı müsbət siqnallar alır?

"Paşinyanın təbirincə desək, Ankara İrəvana kifayət qədər müsbət siqnal göndərib"

"Qonşu ölkənin baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib ki, Ermənistan regionda sülhün bərqərar olması üçün Türkiyədən bəzi müsbət siqnallar alıb: “Biz bu siqnalları qiymətləndirəcək, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəyik”. Paşinyan Türkiyədən aldığı hansı müsbət siqnalları nəzərdə tutur? Bunun üçün Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Ermənistanla bağlı il başlayandan bəri verdiyi açıqlamalara diqqət yetirmək lazımdır".

AzNews.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.

"Türkiyə Cumhurbaşqanı bu ilin dekabrında demişdi ki, “əgər Ermənistan “altılıq platforması” təşəbbüsünə qatılsa, əlaqələrimizdə yeni səhifə açıla bilər”. Ərdoğan daha sonra iyunun 16-da Azərbaycan parlamentində çıxışı zamanı “Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımı addımları atacağıq” ifadəsini işlətdi. Ərdoğan bu mövzuya dünən Bitlis vilayətində bir sıra ölkələrin səfirlərinə müraciət edərkən bir daha toxunub: “Qarabağın işğaldan azad edilməsi ilə bölgədə uzunmüddətli sülh üçün şərait yaradılıb. Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq”.

Beləliklə, Paşinyanın təbirincə desək, Ankara İrəvana kifayət qədər müsbət siqnal göndərib. Ərdoğan aylardır cavab gözləyir. Elə Bakı da Ermənistana göndərdiyi siqnallara Paşinyandan cavab gözləyir", - deyə politoloq əlavə edib.

E. Şahinoğlunun sözlərinə görə, Paşinyan gözləmə mövqeyindədir, açıqlamaları “qonşularla barış”, “regional əməkdaşlıq”, “kommunikasiya xətlərinin açılması”yla əlaqəli olsa da, hələ heç bir addım atmayıb: "Atılmalı olan ilk iki addım bəllidir. Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, kommunkasiya xətlərini açmalıdır. Bundan sonra Bakı və Ankara da müvafiq addımlar atacaqlar. Rəcəb Tayyib Ərdoğanın “Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq” cümləsinin mənası da budur"".