"Rusiya və İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlığı səbəbsiz deyil"

"İranın hədə və qorxu dili ilə danışması Azərbaycan, habelə, Türkiyə və Gürcüstanla münasibətləri gərginləşdirməsinə səbəb oldu"

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov AzNews.az analitik-informasiya portalına açıqlama verib.



O bildirib ki, İkinci Qarabağ müharibəsində qələbənin mühüm tərəflərindən biri də kommunikasiya xətlərinin, xüsusilə də Azərbaycanı Naxçıvan və Türkiyə ilə birbaşa quru əlaqələrini bərpa edəcək Zəngəzur dəhlizinin açılmasının nəzərdə tutulmasıdır:

“Azərbaycan-Türkiyə və digər türk dövlətləri arasında böyük bir kommunikasiya əlaqələrinin formalaşmasına gətirib çıxaracaq bu dəhlizin iqtisadi əhəmiyyəti ilə bərabər, həm də siyasi, hərbi-strateji məqsəd daşıdığı heç kimə sirr deyil.

Bu amili nəzərə alaraq belə düşünmək olar ki, 10 noyabr bəyanatında Zəngəzur dəhlizinə nəzarətin Rusiya tərəfindən həyata keçirilməsinin qeyd olunması da təsadüfi hesab oluna bilməzdi".

Ramid Hüseynovun fikrincə, Rusiyanın belə bir dəhlizin açılmasında maraqlı görünmüş olsa da, onu nəzarətdən kənar qoymacağı da əvvəldən bəlli idi.

“Zəngəzur dəhlizinin açılmasından Rusiya və İranın narahatlığı səbəbsiz deyil. Rusiya dəhliz vasitəsilə özünün regiondakı geoiqtisadi maraqlarını reallaşdırmaqda, himayədarı olan Ermənistanla hərbi-siyasi əlaqələqini daha da yaxşılaşdırmaqda maraqlı görünsə də bu dəhlizin türk dövlətlərin birliyinin, hərbi-siyasi-iqtisadi ittifaqının yaranmasına təkan verəcəyini də anlayır".

Siyasi şərhçi Azərbaycan-İran münasibətlərindəki gərginliyin səngiməsinə, Zəngəzur dəhlizinin açılmasının İranı niyə narahat etdiyinə də münasibət bildirib:

“Zəngəzur dəhlizinin açılmasının Azərbaycanın mövqelərinin daha da güclənməsinə, Türkiyə ilə iqtisadi-siyasi-hərbi əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini İran da yaxşı başa düşür. Türkiyənin Azərbaycanın yanında olması, onun yaxın gələcəkdə daha böyük bir güc kimi çıxış edə biləcəyindən ehtiyat edir. Amma görünən odur ki, yeni dünya düzəni, yeni geosiyasi proseslər, dəyişən dəyərlər, yeni çağırışlar yeni güclərin meydana gəlməsini qaçılmaz edir.

Ənənəvi güclərin illərlə özlərinin müəyyən etdikləri və həyata keçirdikləri “davranış normalarını", “oyun qaydalarını" artıq tədricən yeni reallıqlara uyğun dəyişmək məcburiyyəti onları məyus edir.

Yeni geosiyasi reallıqlarla razılaşmaq istəməyən İranın özünün mövqelərini qoruyub saxlamaq üçün hədə və qorxu dili ilə danışması Azərbaycan, habelə, Türkiyə və Gürcüstanla münasibətləri gərginləşdirməsinə səbəb oldu.

Hətta Rusiyanın da ona açıq dəstək verməməsi də onu təklikdə saxlamış oldu. Belə olan təqdirdə, məsələni güc-hədə yolu ilə deyil, daha konstruktiv formada, hüquqi müstəvidə, qarşılıqlı anlaşma yolu ilə həllinin ən uyğun çıxış yolu olduğunu hiss etdi.

Nəticə də İranın öz mövqelərini əhəmiyyətli dərəcədə yumşaltması və regionda yaranmış yeni geosiyasi reallıqların ruhuna uyğun addımlar atması Azərbaycanla münasibətlərin tamamilə pozulmasından çəkindiyini göstərdi”, - deyə şərhçi qeyd edib.

Şəbnəm Zahir