Ukrayna federallaşır? - TƏHLİL

Ukrayna böhranı Rusiyanın diqqətini digər bölgələrdən yayındırmaq üçün yetərli deyil

Əslində, Rusiya və Qərb cəbhəsi arasında gərginlik soyuq müharibə dövründən başlayıb. Öncədən müharibə aparılan ölkələr soyuq müharibədən sonra bir növ bufer zonaya çevrilmişdi. Zamanla NATO öz çətirini genişləndirdi və bufer zonalar Şimal Alyansının tərkibinə daxil oldu. Nəticədə tərəflər arasında birbaşa təmas yaranması gərginliyin kontekstini dəyişdirdi. O baxımdan Rusiya indi sərhədlərini qorumaq adı verdiyi çoxəsrlik imperialist siyasətini davam etdirir. Bu günlərdə dövlət televiziyasına müsahibəsində Rusiya prezidenti Putin bildirdi ki, bizim hərəkətlərimiz danışıqların gedişindən deyil, Rusiyanın təhlükəsizliyinin qeyd-şərtsiz təmin edilməsindən asılı olacaq:

"Biz açıq şəkildə bildirdik ki, NATO-nun şərqə doğru hərəkəti qəbuledilməzdir. ABŞ evimizin astanasında raketlərlə dayanıb. Evimizin qarşısında zərbə sistemləri quraşdırmamaq normal deyilmi? Amerikalılar onların Kanada və ya Meksika ilə sərhədinə raketlər yerləşdirilsə necə reaksiya verər?”

Rusiya Qərblə aralarında imzalanmış müqavilələrin icrasını tələb edir. 1997-ci ildə tərəflər arasında Qarşılıqlı Əlaqələr, Əməkdaşlıq və Təhlükəsizlik haqqında Əsas Akt imzalanıb və müddəalara görə, Moskva qarşı cəbhədən keçmiş sovet respublikaları hesabına genişlənmədən imtina etməsini, yaxın və ortamənzilli raketlərin bir-birinə çatacaq məsafədə yerləşdirməməsini və həmin ərazilərdə keçirdiyi təlimlərin sayını azaltmasını istəyir. Xülasə, təhlükəsizliyinə qəti təminat verilməsini tələb edir. Qərb bu tələbləri ilk növbədə ona görə qəbul etmir ki, Rusiya öhdəliklərini yerinə yetirmək istəmir. Həmin öhdəliklər Rusiyanın Krımdan çıxması, Donbasda hərbi əməliyyatları dayandırması, Ukrayna ilə sərhədə topladığı hərbi kontingenti geri çəkməsi ilə bağlıdır. Üstəlik NATO rəsmiləri iddia edir ki, keçmiş sovet respublikaları ilə münasibətlərin Rusiyaya heç bir aidiyyatı yoxdu və bu, onların suveren hüquqlarıdır.

Rusiya yaxşı anlıyır ki, Qərb Ukrayna böhranından qarşı cəbhənin gücünün zəifləməsinə yönəlmiş strateji konsepsiya olaraq istifadə edir və bu məsələdə Kreml ilə anlaşmaq istəkləri yoxdur. Rusiyanın isə bu konsepsiyanın işə düşməməsi üçün atacağı addım ya Ukrayna ilə birbaşa müharibəyə girmək, ya da birbaşa qatılmadan separatçılara dəstəyi artırmaqdır. Hazırda Rusiya ikinci yola üstünlük verir. Çünki, indiki halda Moskva sadəcə sanksiyalarla üzləşir, birinci halda isə həm də hərbi məğlubiyyətlə qarşı qarşıya qala bilər. Paradoks vəziyyət ondan ibarətdir ki, Rusiya həm də Ukraynadan 2014 və 2015-ci ildə imzalanmış Minsk razılaşmalarına əməl olunmasını tələb edir. Əslində bu razılaşma Kiyev üçün müəyyən baxımdan əlverişlidir. Belə ki, razılaşmaya əsasən silahlı qüvvələr və hərbi texnika Ukrayna ərazisindən çıxarılır, Ukrayna-Rusiya dövlət sərhədinin nəzarətdən çıxmış hissəsi Kiyevin nəzarətinə keçir. Lakin Donetsk və Luqanskla bağlı status verilməsi, separatçıların aministiyası, yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilməsi məsələsi gündəmə gətirilir ki, bu da Ukraynanın federallaşdırılması deməkdir.

Qərb Ukraynanı suverenliyindən keçmədən mübarizəyə qızışdırır. Qarşılığında Rusiyanın NATO ilə birbaşa hərbi qarşıdurmaya girmək niyyəti yoxdur. Lakin bu böhran artıq Rusiya üçün ölüm-qalım savaşına çevrilib. Bir çox cəbhədə nüfuzunu itirən Rusiyanın Ukraynada da məğlubiyyətə uğraması “SSRİ planı”nın birmənalı şəkildə çöküşü deməkdir. Putin hələ 2005-сi ildə SSRİ-nin dağılmasını XX əsrin böyük geosiyasi fəlakəti adlandırmışdı. 2024-cü ildə prezident səlahiyyətləri başa çatacaq olan Vladimir Putin həmin müddətdən sonra da hakimiyyətdə qalmaq üçün bu planı əsas vasitə hesab edir.

Qazaxıstanda baş verənlər nümunəsində deyə bilərik ki, Rusiya bu planın icrası üçün dəridən qabıqdan çıxır. Bu isə ABŞ və NATO-nun keçmiş sovet blokuna aid ərazilərlə bağlı yeni yanaşma hazırlamasını zəruri edir. Çünki, Qazaxıstanda baş verənlər göstərdi ki, Rusiya həmin bölgələrə ABŞ və NATO-dan daha tez çata bilir və Ukrayna böhranı Rusiyanın diqqətini digər bölgələrdən yayındırmaq üçün yetərli deyil...

Qısacası, bu xəmir hələ çox su aparsa da, problemin həllini tapmaması beynəlxalq gərginliyin artmasına təkan verəcək, dünyada təhlükəsizliyi və sülhü daim təhdid edəcək. Böhran dünyanı yeni silahlı qarşıdurmaya sürükləyir ki, bu həm də yeni silahlı münaqişə ocaqlarının yaranmasına işarədir.

Züriyə QARAYEVA,

AzNews.az analitik-informasiya portalının siyasi şərhçisi