Deputat: "İran tərəfi məsələnin mahiyyətini təhrif etməyə çalışır"

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub. Daha iki mühafizəçi isə xəsarət alıb. Səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırıblar.

Mövzu ilə bağlı AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilməsi, əlbəttə, ölkəmizdə şiddətlə qınanılır, cəmiyyətimizi çox ciddi narahat edir.

"Tezliklə bu hadisəni törədənlər və arxasında dayanan qüvvələr aşkarlanaraq cəzalandırılmalıdır. İran həmişə terror yuvası olub. Terrora dəstək verən əsas ölkələrdən biridir. İstər İranın daxilində, istər ayrı-ayrı ölkələrdə terror aktlarının törədilməsinə İran hər zaman dəstək verib. Ona görə də İranda heç bir səfirliyin, o cümlədən Azərbaycan səfirliyinin, diplomatik nümayəndiliyinin toxunulmazlığına zəmanət yoxdur. Çünki İranın indiki hakimiyyəti başdan-ayağa terror təşkilatları yaradan, onların arxasında dayanan qüvvələrdən ibarətdir", - deyə o əlavə edib.

Millət vəkili bu günə kimi İranda bir çox səfirliklərə, konsulluqlara, beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlara qarşı terror aktları törədildiyini qeyd edib: "Azərbaycan tərəfi İrandan məsələ ilə bağlı obyektiv araşdırma aparmasını və tezliklə nəticələrini təqdim etməsini gözləyir. Lakin istənilən halda İran tərəfinin hadisəni obyektiv araşdıracağına ümid çox azdır. Çünki İranın ümumilikdə Azərbaycana qarşı son zamanlar xüsusən qərəzli mövqe nümayiş etdirməsi, əsassız ittihamlar səsləndirməsi, Azərbaycanla münasibətləri gərginləşdirməsi fonunda bu, heç də ümidverici deyil".

C. Osmanov hadisəni törədən şəxsin İran vətəndaşı Yasin Hüseynzadə olduğunu bildirib. Deputat qeyd edib ki, onun İranın xüsusi xidmət orqanları, xüsusən SEPAH-la əlaqəli olduğuna dair çox böyük şübhələr var: "Səfirliyimizin mühafizəçisi hücumun qarşısını almasaydı, terrorçunun qarşısına çıxmasaydı, çox güman, səfirliyin bütün əməkdaşlarının qətlə yetirilməsi planlaşdırılmışdı. Bu planı həyata keçirəcəkdilər. Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Deputat deyib ki, İranın daxilində baş verən hadisələr səbəbindən hər yerdə, eyni zamanda səfirlik yerləşən ərazidə polis nümayəndələri mövcuddur. Lakin yaxınlıqda olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib: "Hazırda hər hansı operativ addımların atılması müşahidə olunmur. Təəssüf ki, artıq İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır. Problemin guya məişət hadisəsi olması və terrorçunun həmin əraziyə guya öz uşaqları ilə gəlməsi kimi absurd fikirlər səsləndirir, yalan məlumatlar yayır. Əlbəttə, hamısı yalandır və İranın xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırmaq məqsədi daşıyır. Yerli və beynəxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi güdür".

Millət vəkili birmənalı olaraq beynəlxalq hüquq və normalara uyğun istənilən ölkənin səfirliyinin, diplomatik nümayəndələrinin təhlükəsizliyində məsuliyyəti yerləşdikləri ölkənin daşıdığını vurğulayıb. O bildirib ki, bu hadisədə də məsuliyyəti, əlbəttə ki, İran hakimiyyəti daşımalıdır: "Hadisəni törədənlər hüquq qarşısında cavab verməlidir. Belə xain addımlarla guya Azərbaycana hansısa təsir, təzyiq nümayiş etdiklərini düşünürlər, amma yanılırlar. Azərbaycan bundan sonra da qətiyyətli addımlarını atacaq, milli maraqlara söykənən siyasətini davam etdirəcək".

Rəşid Qarayev