"Laçının təhlükəsizliyi Azərbaycan üçün strateji məsələdir" - Politoloq

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Azərbaycan Ordusu Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Azərbaycanı vəziyyəti gərginləşdirməkdə ittiham edir. Həmçinin o, Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə telefon danışığı zamanı iddia edib ki, Qarabağda Ermənistanın ordusu yoxdur və əraziyə hərbi daşıma həyata keçirilmir.

Mövzu ilə bağlı politoloq Turab Rzayevə müraciət etdik.

O açıqlamasında bildirib ki, Azərbaycan tərəfinin həyata keçirdiyi öz ərazisi daxilində ordu birliklərinin yerinin dəyişdirilməsidir:

"Yəni Azərbaycan Ordusu Azərbaycan Respublikası sərhədləri daxilində, suverenliyi tətbiq olunan ərazilərdə təhlükəsizlik qüvvələrini istənilən yerdə yerləşdirməkdə sərbəstdir. Buna görə də Ermənistan tərəfinin iddiaları tamamilə absurddur və mənasızdır”.

Politoloqun sözlərinə görə, Azərbaycan hansı kənddə, hansı ərazidə, hansı küçədə öz ordusunu yerləşdirəcəyinə özü qərar verir:

“Düşünürəm ki, əslində Paşinyan bu cür açıqlamalarla özünü düşdüyü vəziyyətdən, gözlənilməz diplomatik məğlubiyyətdən çıxarmağa çalışır vəya Ermənistan ictimaiyyətinə bir açıqlama verməyə özünü məcbur hiss edir. Bu nə ilə bağlıdır? Çünki Azərbaycan qəfil addımı ilə iki məsələdə mütləq üstünlük əldə etdi. Ermənistana yeni yol çəkmək üçün aprelin 1-ə qədər vaxt verilmişdi. Aprelin 1- dən sonra Azərbaycan Ermənistanı artıq köhnə Laçın yolunun heç bir hissəsindən istifadə etməyə icazə vermək istəmirdi. Ermənistan tərəfi isə bu müddəti uzatmaq istəyirdi. Buna görə də fərqli bəhanələr istifadə olunacaqdı. Onlar artıq məcbur olacaqlar ki, yeni Laçın yolunun digər tərəfindən, körpünün əks tərəfindən yeni yol tiksinlər. Əgər tikməyəcəklərsə, məcbur olub daşlı, qumlu yollardan gedəcəklər. Paşinyanın tikintinin başlaması üçün 20 milyon dollar vəsaiti indi ayırması onu göstərir ki, Azərbaycan tərəfinin addımı onları o yolu tikməyə məcbur etdi. Əks halda onlar o yolu tikməyəcək və vaxtı uzadacaqdılar”.

Ekspert bildirib ki, Azərbaycan tərəfinin nəzarətə götürdüyü ərazilər köhnə Laçın yolunun Azərbaycan ərazisindən keçən hissəsidir:

"Amma Ermənistanın yeni Laçın yolundan istifadə etməsi üçün yolun özlərinə aid hissəsi hələ hazır deyil. Böyük ehtimalla onlar hələ də torpaq vəya çınqıl yollardan istifadə edəcəklər. Azərbaycan dövlətinin bu addımı ilə Ermənistan məcbur oldu ki, reallığı qəbul etsin. Əks halda onlar yolun hazır olmadığını bəhanə gətirib uzadacaqdılar. İndi isə məcbur olub o yolu çəkəcəklər. Artıq köhnə Laçın dəhlizi tamamilə Azərbaycan nəzarətinə keçir. İkinci məsələdə burada Azərbaycanın üstünlüyü odur ki, yeni dəhlizin başlanğıc və son hissəsində Azərbaycan nəzarət buraxılış məntəqələri qura bilər”.

T.Rzayev düşünür ki, artıq bunun üçün infrastruktur hazırdır. Bununla da faktiki olaraq Azərbaycan eyni zamanda Laçın yolunun ümumi nəzarətini də əldə etmiş olur:

“Aydın məsələdir ki, Ermənistanın burada bizə etiraz etmək hüququ olmayacaq. Nəzarət altına alınan torpaqlar Azərbaycan ərazisidir, heç cür müdaxilə edə bilməzlər. Buna qarşı olaraq Paşinyan da öz tərəflərində nəzarət buraxılış məntəqəsi quracaqlarını deyib. Bu bizə tamamilə uyğundur, çünki biz istəyirik ki, Ermənistanla bizim aramızda bütün qonşu ölkələr kimi normal sərhəd və nəzarət buraxılış məntəqəsi olsun. Bundan əvvəl də xatırlayırsınızsa Daşkəsən, Gədəbəy, Qazax, Tovuz rayonlarının Ermənistanla sərhəddinə sərhədçilər yerləşdirilmişdi, milli ordu hissələri oradan çıxarılmışdı. Biz Ermənistana təklif edirik ki, sərhədlər demarkasiya olunsun. Azərbaycan istəyir ki, Ermənistan öz tərəfindən giriş və çıxışlara nəzarət buraxılış məntəqəsi qoysun, biz də. Eyni zamanda sərhədçilər yerləşdirilsin.

T. Rzayev mövcud vəziyyətə Rusiyanın mövqeyi ilə bağlı danışarkən bu məsələnin hələlik qaranlıq olduğunu deyib. O, Rusiya xarici işlər naziri Sergey Lavrovun ən son Bakı səfərində Azərbaycanın bu mövqeyinin əleyhinə çıxış etdiyini xatırladıb:

“Lavrov bildirmişdi ki, Laçın yolu üzərində hansısa nəzarət buraxılış məntəqəsi nəzərdə tutulmur. Amma Azərbaycan dövləti bununla razı deyil. Laçın şəhərinin təhlükəsizliyi Azərbaycan dövlətinin strateji məsələsidir və ona görə də biz bu təhlükəsizliyi təmin etmək üçün həmin yola nəzarət etməliyik.

Rəşid QARAYEV,

AzNews.az