Kişinyov görüşündən gözləntilər - ŞƏRH

Avropa Siyasi İcması sammiti çərçivəsində 1 iyun tarixində Kişinyovda keçiriləcək Azərbaycan və Ermənistan dövlət başçıları arasında keçiriləcək görüş ciddi nəticələrlə yadda qalmayacaq. Avropa İttifaqının vasitəçiliyi ilə mayın 14-də Brüsseldə keçirilən görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Həmin görüşdə, həmçinin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində də müzakirələrdə müəyyən irəliləyişlərə nail olundu. Ardınca Moskvada keçirilən görüşlərdə yenidən kommunikasiyaların açılması gündəmə gətirildi. Bir neçə gün sonrası üçün baş nazirlərin müavinləri səviyyəsində yol xəritəsinin yaradılması ilə bağlı görüşün keçirilməsi qərara alındı.

Əsas müzakirə olunacaq məsələlər separatizm, delimitasiya, kommunikasiyaların açılışı, sülh müqaviləsinin detallarının müzakirəsi ola bilər. Makronun da iştirak edəcəyi görüşdə separatizmin aradan qaldırılması ilə bağlı ciddi müzakirənin ola biləcəyini gözləmək mümkünsüzdür. Məhz görüş öncəsi sərhəddə təxribatların artırılması ola bilsin ki, Fransa tərəfinin yenidən bölgədə hərbi heyətin yerləşdirilməsini gündəmə gətirəcəyinə hesablanmış olsun. Sərhədlərin delimitasiyası ilə bağlı Avropa cəbhəsində hər hansı ciddi addımın atılması mümkünsüzdür. Çünki, sərhəd müəyyənləşməsi Rusiya arxivlərində mövcud olan xəritələr əsasında aparıla bilər. O baxımdan Qərb bu məsələyə praktiki olaraq təkan verə bilməz. Kommunikasiyalarla bağlı Qərb və Rusiyanın baxşları fərqlidi. Qərb və Ermənistan kommunikasiyanın dəhliz formatında icrasına razı deyil. Çünki, bu faktor Rusiyanın Ermənistan da daxil olmaqla, bölgədəki dayaqlarını gücləndirə bilər. Nəzərə almaq lazımdır ki, Rusiya 2025-ci ildə bölgədən çıxarılacağını çox yaxşı bildiyi üçün alternativ vasitələrlə rıçaqlarını bərkitməyə çalışır. Bu vasitələrdən biri olaraq Zəngəzur dəhlizini görür. Qərb isə həm Rusiyanın sıxışdırılması, həm də görüşlərdə İrəvana yönəlik tarazlaşdırılmş mövqe sərgiləmək baxımından vasitəsiz keçid tərəfdarı deyil. Sülh müqaviləsinin imzalanmasına gəldikdə, sazişin imzalanması üçün tərəflər ziddiyyətli məsələlərdə razılığa gəlməlidir. Bu məsələlər isə ziddiyyətini günü-gündən gücləndirir. İrəvan həm də sülh sazişindən yayınmaq üçün süni şəkildə qarşıdurma yaradır, maksimum səviyyədə vaxt qazanmağa cəhd edir. Eyni zamanda Qərb və Rusiya gərginliyini şiddətləndirməklə Cənubi Qafqazda arxa cəbhə yaratmağı planlaşdırır. Planlar içərisində əlbəttə ki, Bakı-Moskva xəttində gərginliyin də dərinləşdirilməsi istəyi var.
Qısacası, dərin ziddiyyətlərin, gündən günə artan təxribatların aradan qalxması yönündə Kişinyovda hər hansı ciddi addımın atılacağı gözlənilmir.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi