Ekspert: "Ermənistan heyvanları terror aləti etməklə bütün normaları aşır"

Ermənistanın Azərbaycanla sərhəddə topladığı silah və canlı qüvvə regionda müharibə riskini artırır. Bölgədə sabitliyi pozmaqda maraqlı olan Ermənistan bununla da sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışır. Eyni zamanda, özünü sığortalayan Nikol Paşinyan guya bölgədə Azərbaycanın müharibəyə hazırlaşmasıyla bağlı görüntü yaratmaq üçün müxtəlif ölkələrin dövlət və hökumət başçılarına zəng edərək, Ermənistanı gözləyən “təhlükə” barədə haray-həşir salıb.

“Bu, ümumiyyətlə, bütün dəyərlərin pozulması deməkdir".

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

“Birincisi, Ermənistanın sistematik şəkildə Azərbaycana qarşı davam edən terror niyyətini göstərir. Yəni vicdansızlığın həddinə baxın ki, sadə insanların ölümünə səbəb olacaq, kustar üsulla hazırlanmış bombaları qarşı tərəfə ötürməyə çalışırlar. Bu, çox böyük bir məsuliyyətsizlikdir”, - o əlavə edib.

Politoloq onu da qeyd edib ki, ermənilərin göndərdikləri itlər nə qədər təlim keçmiş itlər olsalar da, ola bilsin ki, yolunu azıb, mülki insanların yaşadığı yerlərə gedə bilərlər.

"Nəticədə insan tələfatı və mülki insanların ölümü prosesi baş verə bilərdi ki, bunun özü də cinayətin davam etdirilməsi deməkdir. Digər bir tərəfdən isə bu, artıq heyvanlara belə iyrənc yanaşmanın göstəricisidir və Ermənistan heyvanları belə terror əməllərinə alət etməklə, əslində hesab edirəm ki, bütün normaları aşmış olur. Hər halda indiyə qədər beynəlxalq siyasi dairələrdən Ermənistanın Azərbaycana qarşı terrorları ilə bağlı layiqli cavab almamışıq. Hesab edirəm ki, heyvan hüquqları ilə bağlı olan hadisə isə dünyanın hər yerində çox ciddi şəkildə qınanmalıdır və Azərbaycan diasporasının, heyvanlarla bağlı təşkilatların bu məsələdə aktiv olmağı, bu məsələni beynəlxalq ictimaiyyətə çıxartmağı lazımdır. Çünki bir daha qeyd edirəm ki, heyvanların üzərinə bomba yükləmək və onu qarşı tərəfə göndərmək artıq demək olar ki, bütün insani dəyərləri itirməyin ən böyük göstəricilərindən biridir”.

Ayan Rzayeva