Niyaməddin Orduxanlı: “Azərbaycanın Ukraynadan daha böyük gözləntisi yoxdur”

Ermənistan-Rusiya münasibətlərində ilk baxışda ciddi gərginlik müşahidə edilsə də, əslində reallıq göründüyü kimi deyil. Elə Rusiyanın Qərb sanksiyalarından yayınmaq üçün iki ildir Ermənistandan istifadə etməsi haqda yayılan çoxsaylı faktlar özlüyündə çox şeyi deyir.

Bu arada isə məlum olub ki, guya Ukrayna məsələsində Qərbin yanında olan rəsmi İrəvan heç Krımı de-yure Ukrayna ərazisi saymır. Bu da ilginc fakt sayıla bilər. Çünki, söhbət Krımın Rusiya ərazisi adlandırıldığı Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi press-relizdən gedir. Belə ki, axtarışda olan 31 yaşlı bir şəxsin - Georg R.-nin tutulması ilə bağlı məlumatda bildirilir: “22 aprel 2019-cu il tarixindən o, Rusiya Federasiyasının Krım Respublikasının Yalta şəhərinin daxili işlər orqanları tərəfindən qətl törətməkdə təqsirli bilinərək axtarışdadır”.

Maraqlıdır ki, Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Vaha Qazaryan məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Göründüyü kimi, erməni nazir Ermənistanın Krımı Rusiya ərazisi sayması haqda iddianı təkzib də etməyib. Bu Nikol Paşinyan hökumətinin riyakar xarici siyasət kursunu bir daha təsdiq edir. Çünki erməni baş nazir dəfələrlə, son olaraq, “France 24” telekanalına bildirib ki, “Ukrayna-Rusiya müharibəsində İrəvan Moskvanın yanında deyil”. Yəni guya onun işğalçı siyasətini dəstəkləmir. O zaman bu nə mövqedir?

İkinci yandan, bəllidir ki, Krım Ukrayna, Zelenski hökuməti üçün “qırmızı xət”dir. Demək, Zelenskinin Ermənistana gözlənilən səfərinə “mədəni şəkildə” əngəl yaradılır, ona bu formada “bura gəlmə” deyilir? Bu mövzuya toxunan “Hraparak” nəşri yazıb ki, Paşinyan hakim partiyanın parlamentdə təmsil olunan deputatları ilə keçirdiyi son qapalı görüşündə Zelenskinin İrəvana səfərini də müzakirə edib. Qəzetin iddiasına görə, Paşinyan Zelenskinin səfəri ilə bağlı razılaşmanın Münhendə əldə edildiyini söyləyib. Baş nazir vurğulayıb ki, “Qərb Zelenskinin İrəvana səfərini təklif etsə də, bir neçə gün düşündükdən sonra razılaşıb və cavab verib ki, əgər bu, regional səfər olacaqsa, Zelenskini Ermənistanda qəbul etməyə hazırdır, yəni Azərbaycana da səfər etsin”. Zelenski Ermənistana, yoxsa bölgəyə gələcək?

Milli Məclisin üzvü Aydın Mirzəzadə Ermənistanın ikiüzlü siyasətinin davam etdiyini bildirdi:

“Ermənistanın xarici siyasət məsələlərində iki stulda oturmağı artıq bir ənənə halını alıb. O müxtəlif güc mərkəzlərindən maksimum istifadə etməyə çalışır. Baxmayaraq ki, həmin güc mərkəzləri bir-biriylə ya rəqabətdədirlər, ya da onunla müttəfiq olmayanlarla soyuq davranırlar. Ermənistan bir tərəfdən Rusiyanın resurslarından istifadə edir, digər tərəfdən isə, Rusiyanın maraqlarına zidd olan addımlar atır. Krım məsələsi də bu qəbildən olan məsələlərdir. Şübhə etməyin ki, bir tərəfdən onlar Moskva kabinetlərində Krımı Rusiyanın tərkib hissəsi sayırlar, Avropa paytaxtlarında isə, Krımın Rusiya tərəfindən işğal edildiyi faktını vurğulayırlar. Ukrayna prezidentinin Ermənistana edəcəyi səfər İrəvanın Qərb qarşısında daha etibarlı tərəf kimi görünmək istəyindən irəli gəlir. Amma aydın məsələdir ki, dünya Ermənistanın ikiüzlülüyünü görür. Bu siyasət heç bir halda ona uğur gətirə bilməz. Müvəqqəti uğurlar ola bilər. Hansısa siyasi dividentlər də əldə edə bilərlər. Amma insanlar kimi dövlətlərin də bir siması olmalıdır. Bunu isə, biz Ermənistanda görmürük”.

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Krım məsələsində Zelenskinin də ikiüzlü davrandığını vurğuladı:

“Əvvəla onu deyim ki, Zelenski və Paşinyan Qərbin hakimiyyətə gətirdiyi və dəstəklədiyi liderlərdir. Hər iki dövlət başçısının Qərbdəki patronları eynidir. Zelenskiyə təlimat veriblər ki, indi İrəvana getmək lazımdır. Ermənistanın Krımı Rusiya ərazisi kimi tanıması Ukrayna üçün qırmızı cizgi olmalıdır amma göründüyü kimi deyil. Əgər belə olsaydı Zelenski, Paşinyanın qarşısında bu məsələ ilə bağlı aydınlıq gətirməyi tələb edərdi, lakin nədənsə etmir. Onda belə çıxır ki, Krım məsələsində təkcə Paşinyan deyil, həm də Zelenski də ikiüzlük edir. Paşinyanın indiki halda narahatlığı başadüşüləndir. Rusiyanın hiddətindən, qərəzindən ehtiyatlanan Paşinyan Ermənistanın ərazi bütövlüyünü düşündüyü üçün Qərbin qarşısında Zelenski ilə bağlı şərt irəli sürüb. Baş nazir hesab edir ki, Zelenski İrəvanla yanaşı, Bakıda da olarsa, bu, regional səfər sayılar. Təbii ki, burada rəsmi Bakının mövqeyi, yəni bizim maraqlarımız önəmlidir. Əgər Zelenski Paşinyanın şərti ilə Bakıya gələcəksə, heç gəlməsin, lazım deyil. Ancaq Zelenskinin İrəvana səfər etmə ehtimalı çox azdır. Qərbin tələblərinə baxmayaraq, bu səfər Ukrayna və Ermənistan üçün risklidir. Rusiyanı daha çox qəzəbləndirməklə yanaşı, həm də Kiyev öz tərəfdarlarını, məsələn, Azərbaycanı itirə bilər. O baxımdan o qədər də real görünmür. Hazırda qlobal siyasətdə böyük oyunlar gedir. Bunu bir şahmat oyununa bənzətsək, fiqurların öz yerini müəyyənləşdirməyə çalışdığını deyə bilərik. Hansı siyasi lider daha müdrik və uzaqgörəndirsə, onun ölkəsi siyasi sferada gedən şahmat oyunundan uduşlu çıxacaq. Maksimum da olmasa, minimum uduş əldə edəcəklər. Əksinə, hərəkət edənlər isə ziyan görən tərəf olacaqlar”.

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Zelenski səfər etsə belə bunun heç nəyi dəyişməyəcəyini düşünür:

“İndiki vəziyyətdə Rusiya çox yaxşı bilir ki, Paşinyanı hakimiyyətə küçə inqilabı ilə Qərb gətizdirib. Qərb bunun üçün milyonlarla dollar xərcləyib. Qərb bunu ona görə edib ki, Rusiyanın Ermənistana təsir etmək imkanları azalsın. Ancaq Paşinyan çox hiyləgər bir siyasət yürüdür. O çox yaxşı bilir ki, Putin heç bir beynəxalq hüquq və ya norma tanımır. Çox ehtiyatlı münasibət sərgiləyir. Krımın Rusiyanın ərazisi olmasına dair açıqlama verir. Rəsmiləri bu məsələyə münasibət bildirməkdən ehtiyat edirlər. Dəfələrlə sizin qəzetə açıqlamalarımda biıdirmişəm ki, Qərb mütləq şəkildə Ukraynanı məcbur edəcək ki, Rusiyaya güzəştə getsin. Digər vacib olan məqam odur ki, Ukrayna Ermənistanın da işğalçı olmasına baxmayaraq iki tərəfli əlaqələrin inkişafında daim maraqlı olublar. Azərbaycanın Ukraynadan daha böyük gözləntisi yoxdur. İki dövlət arasında hər cür əlaqələr mövcuddur. Zelenski səfər etsə nə dəyişəcək ki? Biz Rusiya ilə müttəfiq olsaq belə müharibənin ilk günündən Ukraynaya humanitar yardım etdik və ərazilərinin işğalını beynəlxalq hüququn pozulması kimi dəyərləndirdik. Rusiyanı işğalçı adlandırdıq. Ancaq Ukrayna Ermənistanla çox yaxın əlaqələr qurub və Azərbaycanın torpaqlarını işğal etməsini görməzlikdən gəlib və ya susub. Reallıq budur. Bir daha təkrar etmək istəyirəm ki, Zelenskinin təcrübəsizliyi, siyasəti və idarəçiliyi zəif bildiyi səbəbindən Ukraynanı zəlil gününə qoydu. Qərb Zelenskinin əli ilə Putinə qarşı öz məqsədlərinə çatdı. Ukrayna isə ən azı 50 il geri düşdü. 250 min vətəndaşı həyatını itirdi və ya şikəst oldu. Ukraynanı xarabalığa çevirdilər”.

P.S. Rəsmi təsdiqlənməsə də, son məlumatlarda bildirilir ki, Zelenski Ermənistana gedəsi olmayıb.