Qərbin iki erməni varis planı - Onlardan biri...

Ararat Mirzoyan və Armen Qriqoryan arasında hakimiyyətdaxili mübarizə pik həddə

“Ermənistanın hakim partiyası xarici işlər naziri Ararat Mirzoyandan dərin məyusdur, halbuki komandada bəziləri Paşinyanın varisi olaraq onu görürdülər”.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Nəşr yazır ki, Ararat Mirzoyanın atdığı bir çox addımlar hakim komanda üzvlərini məyus edib. Məlumatlara görə, Ararat Mirzoyan bütün addımlarını Paşinyanla razılaşdırır, hətta dar dairədə fikir ayrılığını gizlətmir və bir çox mübahisəli məsələlərdə ona müqavimət göstərməyə belə cəhd etmir. Mənbələr bildiriblər ki, Mirzoyan konstitusiyanın dəyişdirilməsinə, Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılmasına qarşı olsa da, öz etirazını dilə gətirmir.

Qəzet qeyd edir ki, bu ilin əvvəlində keçirdiyi mətbuat konfransında Ararat Mirzoyan konstitusiyanın sülh prosesinin dayanmasına səbəb olub-olmaması ilə bağlı suala cavab verərkən konstitusiyanın Azərbaycanın tələbi ilə dəyişdirildiyini rədd edib. Lakin daxili müzakirələrdə o, “lider”in əleyhinə danışmaqdan qorxur, susur. “Hraparak yazır ki, yaxın günlərdə "Mülki müqavilə" fraksiyası qapalı iclas formatında xarici işlər nazirindən brifinq alacaq. Müşahidələrə görə, partiyada baş verənlər əslində Ermənistanda hakimiyyətdəki şəxslərin dəyişdirilməsi prosesinin başlandığını göstərir. Tamamilə aydındır ki, Nikol Paşinyan “axsaq ördəkdir” və Ermənistanda onu baş nazir kimi əvəzləmək istəyənlər arasında artıq açıq şəkildə mübarizə başlayıb. Bu gün erməni xalqı “artsax”la bağlı itirilmiş xəyal ağrılarından əlavə, ölkənin siyasi transformasiyası ilə bağlı gözlənilən fəlakəti də hiss edir. Ermənistanın Rusiyadan qopması və Fransanın faktiki müstəmləkəsinə çevrilməsi prosesi həyata keçirilir. Qərbdəki yeni ağaları da Paşinyanın mövqeyinin təhlükəli olduğunu bilirlər. Etiraz əhval-ruhiyyəsinin hökumət binalarına hücuma çevrilməsindən yayınmaq üçün Paşinyanı əvəz etmək prosesinə üstünlük verilir. Ermənistanın hakim elitasında baş nazir olmaq imkanı uğrunda indi Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında qızğın mübarizə gedir. Onun xarici təzahürlərindən biri də bir-birinin əsas sülh gündəminə mane olmaq cəhdləridir. Məsələn, Qriqoryan Ermənistan Xarici İşlər Nazirliyinin səlahiyyətinə aid olan fəaliyyətlə bağlı məlumatları səsləndirir və özünü Azərbaycanla danışıqlar prosesində aparıcı şəxs kimi təqdim edir. İddia olunur ki, Qriqoryan bu gücü Paşinyandan alır. Qərb tərəfdaşları da Qriqoryanı daha önə çəkirlər - onu ya Vaşinqtona bir həftəlik məsləhətləşməyə dəvət edirlər, ya da NATO-nun mənzil-qərargahında Ermənistanın hərbi-siyasi çəkisinə uyğun olmayan yüksək səviyyədə qəbul edirlər. Paşik gedir, yerinə kim gəlir?

Sona Əliyeva

Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”da bu istiqamətdə çox diqqətçəkən fikirlər səsləndirdi: “Fikrimcə, Qərb hazırkı baş nazir Nikol Paşinyanın yerinə hazırladığı varisini gizli saxlayır. Bir çoxlarının düşündüyü kimi, bu heç də indiki xarici işlər naziri deyil. Çox güman ki, bu, Ermənistanın 44 günlük savaşda prezidenti olmuş Armen Sərkisyandır. Vaxtilə bəzi Qərb qaynaqları Nikol Paşinyan inqilabını məhz SOROS Fondunun onun əli ilə reallaşdırdığını vurğulayırdı. Yəni inqilabın maliyyə donorluğu məhz Sərkisyanın maliyyə kanalları vasitəsilə İrəvana ötürülürdü. Hələlik Qərb onu bütün aktiv proseslərdən kənarda tutur. Keçmiş prezident Armen Sərkisyan Ermənistanın BMT-dəki nümayəndəsi, Qərbdəki "vuran əli" olub. Avropa Paşinyandan sonra Sərkisyana daha çox etibar edir. Lakin düşünürəm ki, Qərb prosesin sonuna qədər elə Nikol Vovayeviçlə işləyəcək. Paşinyana bu işdə əsas dəstək verənlərin başında isə şübhəsiz ki, Ararat Mirzoyan gəlir. Ona görə də rusların Ermənistanda maliyyələşdirdiyi bəzi informasiya qaynaqları Qərbin bu iki füqurunu üz-üzə gətirmək istəyir. Paşinyan və onun komandası hazırda Ermənistanın milli maraqlarına yox, Qərbin regiondakı ambisiyalarına xidmət edirlər. Yəni İrəvandakı siyasi hakimiyyət Avropadakı və ABŞ-dakı havadarlarının qırmızı xəttini bir millimetr də olsa tapdaya bilməzlər. Bu “sadiqlik” Paşinyan hakimiyyətinin uzunömürlülüyünün açarıdır. Bir sözlə, Qərb xəttinin İrəvandakı ideoloqu və aparıcı fiquru Paşinyandırsa, diplomatik masada onun icraçısı Ararat Mirzoyandır. Əgər Paşinyan Qərbdəki havadarlarına dönük çıxarsa və Kremlin basqılarına tab gətirməyərək Moskvanın dedikləri ilə oturub-durmağa başlayarsa, o zaman Soros Fondu Sərkisyan kartını dövriyyəyə buraxa bilər. Amma indiki proseslərin axarına baxdıqda bu o qədər də inandırıcı görünmür".

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, əslində bu iddiaları ortaya atmaqla Qərb Paşinyanın həyatını qoruyur:“Qərb məqsədli şəkildə bu gün Ermənistanda Paşinyanın yerinə iki varis hazırlayır tezisini ortaya atıb. Sanki varislik uğrunda mübarizənin olduğunu göstərmək istəyir. Bunu məqsədli şəkildə edirlər. Düşünürlər ki, Paşinyanla bağlı gözlənilməz hadisə baş verə bilər. Məsələn, terror yolu ilə aradan götürülə bilər. Bu da konkret olaraq Rusiyanın əli ilə baş verə bilər. Bununla Qərb Rusiyaya mesaj vermək istəyir ki, Paşinyanın olmayacağı təqdirdə Qərbin əvəz edəcəyi şəxslər var, bunlar Mirzoyanla Qriqoryandır. Ermənistan cəmiyyəti yenə həmin kursu bu şəxslərlə davam etdirəcək. Həm də bununla Paşinyanın həyatını qoruyurlar, sığortalayırlar. Faktiki bu gün erməni xalqı Rusiyadan çox incik vəziyyətdədir, qəzəblidir. Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi dövrdə neytral qaldı. Müharibədə hərbi dəstək vermədi. Rus ordusu döyüşmədi. Ermənilər bunu Rusiyaya bağışlaya bilmirlər. Hər gün də ermənilərin Rusiyaya qarşı nifrəti artmaqdadır. Bu da Azərbaycanın dövlət maraqlarına cavab verir. Biz o arzudayıq ki, nəinki Ermənistanın Rusiya ilə münasibətləri korlansın, həmçinin də Qərb və bır sıra ölkələrlə bu vəziyyət yaransın. Qərb bu gün bütün gücü ilə çalışır və Ermənistana tapşırıq verir ki, Azərbaycanla sülh sazişi imzalama, 2020-ci ildə Zəngəzur dəhlizinin açılması ilə bağlı götürdüyün öhdəliyi yerinə yetirmə. Azərbaycan da məcburi qalıb öz ərazisi olan Naxçıvanla quru əlaqənin yaranması üçün hərbi gücdən istifadə etsin”.