Əli Mustafayev: "Türkiyədə keçirilən bələdiyyə seçkiləri siyasi zəlzələ effekti yaradıb"

“Türkiyədə keçirilən bələdiyyə seçkiləri sözün həqiqi mənasında siyasi zəlzələ effekti yaradıb. Bir qayda olaraq son dövrlərdə keçirilən seçkilərdə AKP qalib gələrdi. İndi isə müxalifət partiyası olan CHP nəhayət yerli seçkiləri udub. Fərq AKP ilə xüsusilə müqayisədə çox da böyük olmasa, hər halda nəticələr CHP üçün kifayət qədər uğurlu hesab oluna bilər".

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Əli Mustafayev deyib.

O bildirib ki, CHP sıradan bir partiya deyil və Türkiyənin siyasi tarixində qədim, çağdaş, siyasi tarixinin ən qədim partiyalarındandır. Böyük siyasi təcrübəsi var və Atatürkün partiyasıdır. Həmçinin cəmiyyətin içərisində çox ciddi dayaqları var. Təşkilatlanmış, strukturlaşmış bir siyasi qüvvədir. İdeoloji və təşkilati əsasları kifayət qədər güclüdür. Cəmiyyətin bütün təbəqələrində onun tərəfdarları var.

"İndiki dönəmdə ola bilsin ki, onlar siyasi piarlarında, siyasi təbliğatların da düzgün qurdular. Həm də nəzərə alsaq ki, bu partiya rəhbərliyi dəyişdi. Hər halda dəyişiklik ola bilsin, cəmiyyətdə müəyyən ümidlər verdi. Cəmiyyətdə müəyyən fikirlər yaratdı ki, bu dəyişiklik, nəticədə yeni bir CHP sanki cəmiyyətə təqdim olundu. Bu da əlbəttə, cəmiyyətin dəstəyini qazandı. Eyni zamanda, burada bir məsələni də nəzərə almaq lazımdır ki, demək olar ki, davamlı olaraq bir neçə seçkidə qalib gələn AKP ola bilsin, müəyyən qədər artıq cəmiyyətin tələblərini, istəklərini yetərincə təmin etmir, ödəmir. Digər tərəfdən də açığı son illərdə Türkiyəyə qarşı bir çox beynəlxalq güclərin ciddi təzyiqləri var”.

Politoloq qeyd edib ki, xüsusilə Türkiyənin maliyyə, iqtisadi sektoruna qarşı aparılan beynəlxalq güclərin apardığı siyasət, Türkiyə dövriyyəsinin qiymətdən düşməsinə, ümumiyyətlə, ölkədə inflyasiyanın artıq olmasına, iqtisadi, sosial vəziyyətinin çətinləşməsinə gətirib çıxarıb ki, bu da xalqda, ola bilsin, müəyyən qədər xəyal qırıqlığı, narazılıq yaradıb.

“İnsanlar sanki alternativ siyasi qüvvə axtarırlar, daha yaxşı idarəçilik arayışındadırlar. Hər halda biz nəzərə alsaq ki, Rəcəb Tayyib Ərdoğan Türkiyədə 20 ildən artıq iqtidardadır. Bəzən hətta ən yaxşı idarəçilər belə bir müddətdən sonra artıq necə deyərlər, cəmiyyət doyur və yeni siyasi qüvvələr, insanlar axtarır. Bu baxımdan da məncə, artıq zaman öz işini görür. Nəhayət, insanlar fərqli siyasi qüvvələrə bir növ dəstək verməyə çalışırlar ki, bəlkə həyatlarında nəsə dəyişdi. Nəhayət bunların Türkiyənin gələcəyinə bağlı siyasi, iqtisadi, geopatik yönümü ilə bağlı nələr vəd edir. Hələlik bu gün AKP hakimiyyəti iqtidardadır. Yəqin ki, bu yaxın AKP-nin hakimiyyətdə olduğu müddətcə biz ciddi dəyişikləri müşahidə etməyəcəyik. Ancaq seçkilərin nəticələrini yəqin ki, AKP-də nəzərə alacaq. İqtidar partiyası da öz siyasətində, istiqamətlərində nələrəsə diqqət yetirməli olacaq”.

Ə. Mustafayev sonda vurğulayıb ki, hər halda CHP-nin bu qələbəsi çox ciddi bir reallıq ortaya qoyur.

“Mümkündür ki, əgər proseslər bu cür davam edərsə və xüsusilə də seçilən yeni şəxslər bələdiyyə başqanları xalqın etimadını, rəğbətini qazanarsa, əlbəttə, biz növbəti parlament seçkilərində, prezident seçkilərində CHP-nin daha ciddi uğurları ilə üzləşə bilərik. Yaxud da ola bilər ki, əksinə seçilən şəxslər, xüsusilə bələdiyyələr xalqın etimadını doğrultmasın, yenidən xalq başqa siyasi qüvvələrə diqqət yetirsin. Ümumilikdə millətçilərin və dinçilərin də burada səsi var. Özüm də xüsusilə Hərəkat Partiyasının daha yüksək nəticələr göstərməsini gözləyirdim. Amma maraqlıdır ki, üçüncü yerə yenidən Rifah Partiyası çıxıb. Bu da onu göstərir ki, Türkiyədə dini camiənin hələ də kifayət qədər ciddi çəkisi var və bu baxımdan da bu partiya üçüncü yeri tuta bilib”.

Rəfiqə NAMAZƏLİYEVA