"Qərbin bu məsələdə Ukraynaya sonsuz yardımları mümkün deyil" - Vüqar Əhmədov

“ABŞ Konqresi tərəfindən Ukraynaya ayrılan maliyyə paketində Rusiyanın 8 milyard dollar aktivlərindən istifadə edilib, təbii ki, bu da az məbləğ deyil. Bilirik ki, Ukrayna bu maliyyə yardımını artıq neçə aydır gözləyirdi və yubanmanın əsas səbəblərindən biri ABŞ Konqresində müəyyən fikir ayrılıqlarının olması ilə bağlı idi. Qərbin Rusiya aktivlərinə müraciət etməsi Rusiyaya bir təzyiq forması sayıla bilərsə, digər tərəfdən artıq Qərbin özündə yardımlarla bağlı maliyyə çatışmazlığının meyda çıxmasından xəbər verir, əks halda bu yardımlar bu qədər uzanmazdı. Ukrayna prezidenti Zelenskinin açıqlamalarını xatırlasaq maliyyə və hərbi təhcizatla bağlı Ukrayna tərəfdə vəziyyətin heç də ürəkaçan olmaması qənaətinə gəlmək olardı. Qərb və onun təsisatları bu addımı atmamışdan əvvəl bunun üçün hüquqi zəmin də hazırlayaraq Rusiyanın ərazisindəki bütün obyektləri Ukrayna üçün legitim elan edib, lakin bu aktivlərin Qərb tərəfindən istifadəsinin nə dərəcədə leqal olması məsələsini də yəqin ki, Rusiya tərəfi cavabsız qoymayacaq. Hər halda görünən odur ki, Qərb bu aktivlərdən istifadəyə müəyyən qədər ehtiyatla yanaşır.
Rusiya-Ukrayna cəbhəsində bu yardımların vəziyyəti necə dəyişəcəyinə gəlincə bu dəfə Ukraynaya verilən silahlar daha müasir silahlardır, üstəlik onların istifadəsi ilə bağlı Pentaqon bu zaman kəsiyində Ukrayna hərbiçilərinə təlimlər keçir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, bu yardımlar Ukraynaya əlavə psixoloji və hərbi güc vəd edir.

“Böyük ehtimal cəbhədəki vəziyyəti müəyyən qədər Ukraynanın xeyrinə dəyişəcək. Lakin bu yardım müharibənin taleyini həll etmək iqtidarında deyildir. Qərbin də planı yeni yardım paketini ayırmaqla tərəflər arasında güc balansını Ukraynanın xeyirinə dəyişmək və tərəfləri danışıqlar masasına əyləşdirməkdir. Artıq iki ildir müharibə aparan və itkilər verən tərəflərin danışıqlar masasına oturması ehtimalı da getdikcə böyüyür. Qərb bu planı 2024-cü ilin sonuna kimi həyata keçirməyi planlaşdırır və müharibənin dayanması, danışıqların başlanması indiki mürəkkəb vəziyyətdə Qərbə də sərf edən senaridir, çünki Qərb dairələrində də yaxşı anlayırlar ki, müharibənin bu qədər uzanması və Qərbin bu məsələdə sonsuz yardımları mümkün deyil”.

Rəfiqə NAMAZƏLİYEVA