Qərb Gürcüstan və Ermənistanı öz təsirinə saldıqdan sonra növbəti etap Azərbaycan ola bilər -Siyasi şərhçi

“Cənubi Qafqazda baş verən hadisələr region dövlətlərin iqtisadi, siyasi sisteminə bilavasitə təsir edir. Yəni Ermənistan-Azərbaycan arasında olan problemlər təkcə Ermənistan və Azərbaycanda deyil, bu, regionda qonşu olan respublikaların iqtisadi, siyasi sisteminə bilavasitə təsir etməkdədir. Çünki regionda stabilliyin yaranması, sülhün əldə edilməsi region dövlətlərinin əməkdaşlığının inkişafına müsbət təsir edə bilər. Bildiyiniz kimi, Ermənistan-Azərbaycan arasında 10 noyabr sazişi imzalanmışdır və bu 10 noyabr sazişinin müddəalarından biri Zəngəzur dəhlizinin açılması məsələsi idi. Təbii ki, Ermənistan bu dəhlizin açılmasında bu və ya digər bəhanələr gətirməklə problemi, öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. uzadır. Ermənistanın bu davranışını istifadə edən İran tərəfi Araz dəhlizinin açılmasında maraqlıdır. Çünki İran üzərindən Araz dəhlizinin açılması İrana həm iqtisadi, həm də siyasi baxımdan nüfuz qazandırır. Bu dəhliz tək Azərbaycanla Naxçıvanın əlaqəsinin yaranması üçün açılmır. Bu qlobal dünyada orta dəhliz məsələsidir ki, uzaq Çindən tutmuş Orta Asiya, Avropa ilə əlaqəni birləşdirəcək bir dəhlizdir. Bu dəhliz İran üzərindən həyata keçirilərsə, bu zaman İran dövləti həm iqtisadi baxımdan, həm də siyasi baxımdan nüfuza malik olur. Buna görə də İran öz dövlət və milli maraqlarını nəzərə alaraq, Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizinin açılmasında bu və ya digər bəhanələr gətirməklə Ermənistan mövqeyindən çıxış etməkdə idi. Ancaq məsələyə başqa prizmadan yanaşsaq, Ermənistanda indiki hakimiyyət Paşinyan ABŞ-ın himayəsi altında hakimiyyətə gətirilib və əlində bir alətə çevrilib. Açıq şəkildə İran rəsmiləri də dəfələrlə bəyan edib ki, xarici qüvvələrin regiona girməsi region dövlətlərin maraqlarına uyğun gəlmir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Siyasi şərhçi qeyd edib ki, bu gün Nikol Paşinyan Qərbin Cənubi Qafqazda güclənməsinə hesablanmış siyasi fəaliyyətlər göstərməkdədir.

“Təbii ki, bu hərəkətlər İranın da maraqlarına uyğun gəlmir. Bu baxımdan Azərbaycan tərəfinin təklif etdiyi “3+3” format ideyası var. Bu, regionun inkişafı və tərəqqisi üçün atılan bir ideyadır. Çünki Cənubi Qafqaz respublikaları ilə yanaşı bu regionda bilavasitə sərhəd, marağı olan region dövlətlərinin birgə əməkdaşlığı regionun inkişafına gətirib çıxara bilər. Eyni zamanda “3+3” formatı həyata keçirilərsə, bu gün başda ABŞ olmaqla, Qərb koalisiyasının Cənubi Qafqaza girməsinin qarşısını ala bilər. Bu isə prosesdə isə Ermənistan pozuculuq fəaliyyəti ilə məşğuldur. Tək Ermənistan-Azərbaycan arasında problem yaratmır. Ermənistanın xarici siyasətində region dövlətlərinin maraqlarına uyğun olmayan gedişlər var. ABŞ-ın, Qərbin Cənubi Qafqaza girməsi, bu həm Rusiyanın, həm Türkiyənin, Azərbaycanın, İranın maraqlarına uyğun deyil. Hazırda da bildiyiniz kimi, Gürcüstanda gedən proseslər bir daha onu göstərir ki, Gürcüstanda da hakimiyyətin dəyişdirilməsində ABŞ-ın marağı var. Son günlər Gürcüstanda baş verən hadisələrə açıq şəkildə Qərbin müdaxiləsi, təxribatı nəticəsində baş verən pozuculuq fəaliyyətidir. Gürcüstanda hakimiyyəti devirmək üçün aparılan bir aksiyadır. Birləşmiş Ştatlar və Qərb tək Ermənistan üzərindən Cənubi Qafqaza girmək istəmir. Həm də Gürcüstan və Ermənistanı öz təsirinə saldıqdan sonra növbəti etap Azərbaycan ola bilər. Bu qaynar ocaqların yaranması, gərginliyin baş verməsi region dövlətlərinin maraqlarına uyğun deyil. Ermənistan və İran arasında aparılan liderlərinin görüşü, hesab edirəm ki, Cənubi Qafqazda stabilliyin yaranmasına hesablanmalıdır. Bu gün Paşinyanın apardığı siyasət bölgə dövlətləri üçün də təhlükə mənbəyidir. Azərbaycan qonşularla dinc yaşama prinsipini həmişə əsas meyar tutub. Azərbaycan dəfələrlə bəyan edib ki, qonşuların, xüsusilə də İranın, Rusiyanın daxili işlərinə qarışacaq heç bir addım atmayacaq. Azərbaycan xarici siyasətində balanslaşdırıcı siyasət yeridir. Ancaq Paşinyan isə açıq şəkildə qərbyönümlü siyasət həyata keçirməklə. dolayı olaraq İran üçün təhlükə mənbəyi yaradır. Hesab edirəm ki, İran rəsmiləri, lideri özünə təhlükə görə biləcək bir mənbə axtarırsa, bunu Ermənistanda axtarması daha məqsədəuyğun olar”.

Rəfiqə NAMAZƏLİYEVA