"Ukrayna münaqişəsi Üçüncü Dünya Müharibəsinin başlanması ehtimalını artırır" - Əli Zülfüqaroğlu

“Rusiyanın qeyri-nüvə silahları olan uzaqmənzilli raketlər tərəfindən vurulması ilə bağlı müəyyən Qərb dövlətləri tərəfindən fikirlərin səsləndirilməsi hesab edirəm ki, “nəbz” yoxlamasıdır. Rusiyanın buna necə reaksiya verəcəyi ilə bağlı məsələlər daha çox ön plana çıxır. Eyni zamanda, doğrudur, müəyyən Qərb dövlətləri bunun daha doğru yol olduğunu əminliklə vurğulayırlar. Xüsusilə Birləşmiş Ştatlar və Fransa bu məsələdə öncüllük edən dövlətlərdən biridir. Amma Avropa İttifaqı, eyni zamanda Birləşmiş Ştatlar daxilində bunun daha ciddi fəsad törədəcəyi və müharibənin Avropaya yayılacağı ilə bağlı kifayət qədər narahatlıq və etirazlar var. Məsələn, Şərqi Avropa ölkələri arasında ciddi narazılıqlar var, hansı ki, o dövlətlər həm də NATO dövlətləridir. Həmçinin Birləşmiş Ştatlar daxilində bu məsələyə qarşı çıxan siyasətçilər də az deyil. Təbii ki, bu məsələlər müzakirə olunmazdan öncə belə Rusiya bu ehtimalları nəzərə alaraq, bildiyiniz kimi müxtəlif istiqamətlərdə, Krım daxili ərazilər daxil olmaqla və taktiki nüvə silahlarının mümkün istifadəsi ilə bağlı təlimlər keçirildi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, Rusiya tərəfindən Qərb dövlətlərinə əgər Ukraynaya ciddi dəstək veriləcəyi və Rusiya ərazisinin vurulacağı halda taktiki nüvə silahlarından istifadə edərək cavab verəcəyi mesajını verirdi.

“Rusiya bununla onu demək istəyirdi ki, əgər Rusiya tərəfi ərazisi Qərbin verdiyi uzaqmənzilli raketlər tərəfindən vurulacaqsa, o zaman Rusiya buna çox ciddi şəkildə cavab verəcək. Bu istiqamətdə Rusiya rəhbərliyi tərəfindən verilən açıqlamalar da verilən mesaj bundan ibarət idi. Baş verən proseslər onu göstərir ki, Ukrayna müharibəsində kifayət qədər gərginlik var. Ciddi mərhələyə daxil olma ehtimalı yüksəkdir. Bu məsələdə maraqlı olan ölkələrin sayı az deyil. Xüsusilə Qərbi Avropa ölkələri, Fransa və Birləşmiş Ştatları buna misal göstərə bilərik. Ancaq bir sıra dövlətlər də çox yaxşı başa düşürlər ki, Fransa, Birləşmiş Ştatlar bu məsələdə nə qədər inamlı olsalar da, bu addımın çox ciddi fəsadlar verəcəyi və Avropa İttifaqını xüsusilə fəlakətə sürükləyəcəyi ehtimalı var. Eyni zamanda Üçüncü Dünya müharibəsinin başlanması və daha dağıdıcı səviyyəyə yüksəlməsi ehtimallarını artırır. Bu baxımdan biz baş verən açıqlamalar fonunda real mənzərəyə baxsaq, təhlükəli tendensiyanın davam etdiyini müşahidə edə bilərik”.

Rəfiqə NAMAZƏLİYEVA