- Müşahidə məntəqəsi
- 18 İyul 2024 14:43
- 7 638
"Azərbaycan çalışır ki, bu proseslərdə konstruktiv mövqedən çıxış etsin" -Vüqar Əhmədov

“Azərbaycan nəhəng dövlətlər, gələcəyin dünya gücləri ilə bərabərhüquqlu strateji əməkdaşlıq edir. Türkiyə (2021-ci il Şuşa Bəyannaməsi), Rusiya (2022-ci il Moskva Bəyannaməsi), Mərkəzi Asiya ölkələri, Çin, Misir, Pakistan, İsrail kimi ölkələrlə bu cür strateji əməkdaşlıq müqavilələri imzalanıb.
Sözügedən ölkələrin rəhbərləri ilə İlham Əliyev arasında ən üst səviyyədə dostluq münasibətləri formalaşıb. Həmçinin Bakının bu dövlətlərlə qeyri-rəsmi əməkdaşlıq əlaqələri də mövcuddur. Paraleldə Qərblə siyasi-diplomatik münasibətlər davam etsə də, Bakının Avropa İttifaqı və ABŞ-la məsafə saxladığı müşahidə olunur”.
“Düşünmürəm ki, Qərbi arxa plana atmaq planı olsun. Azərbaycanın özəlliyi və cəlbediciliyi də elə bundadır, güc mərkəzləri arasında konkret tərəf seçməmək, bütün tərəflərlə işgüzar və səmərəli əməkdaşlıq qurmaq. Qərbdə bəzi siyasi dairələr Gürcüstan, Moldova və Ukrayna kimi Azərbaycana da bəzən təzyiqlər edərək Şərq blokundan uzaqlaşmaq və Qərbə doğru getməyə israr edirlər. Azərbaycanın Qərblə onsuzda işgüzar əlaqələri vardır, əksər Qərbdə keçirilən siyasi sammitlərə dövlət başçısı qatılır, xarici siyasət idarəsinin rəhbəri təmsil olunur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
Siyasi şərhçi qeyd edib ki, dünyanın iki qütbə və ya çox qütbə bölündüyü bir zamanda Azərbaycan çalışır ki, bu proseslərdə konstruktiv mövqedən çıxış etsin.
“Burada da İlham Əliyev şəxsiyyətinin rolu böyükdür. Xatırlayırsınızsa, ADA-da beyin mərkəzləri nümayəndələri Cənab Prezidentdən dünyada indi ən qaynar nöqtələrdən olan münaqişələrə son qoymaq üçün məsləhət istəyirdilər. Azərbaycan bu gün dünyada yaranan çox mürəkkəb geosiyasi prosesdən öz milli maraqları üçün faydalanmağa çalışdı və doğru da edir, hər ölkənin öz milli maraqları var. Buna görə Azərbaycana nə qədər qibtə edən dövlətlər vardır. Hələ ki, Azərbaycandan başqa postsovet məkanında öz ərazisində olan münaqişəni çözən ikinci dövlət yoxdur. Şübhəsiz ki, həm Şərq, həm də Qərb blokundan ölkəmizə qarşı təzyiqlər var, lakin Azərbaycan güclü olduğuna və bu ölkələrlə maraqları uzlaşdığına görə bu təzyiqləri amartizasiya edə bilir. Məhz qeyd etdiyiniz Şuşa bəyannaməsi və digər sazişlər Azərbaycanın təhlükəsizlik qarantıdır. Müqayisədə isə biz görürük ki, bizim Qərblə nisbətən siyasi məsələlərlə bağlı daha çox fikir ayrılığımız olur, lakin rəsmi Bakı da bu məsələrdə ölkənin maraqlarını hər şeydən əvvəl önə çəkir. Hiss olunur ki, bu gün Qərb də Azərbaycan kimi etibarlı tərəfdaşı hansısa digər ölkənin marağına görə itirmək istəmir. Bu gün Azərbaycanın təklif etdiyi nəqliyyat-kommunikasiya və iqtisadi layihələrindən həm Şərq bloku ölkələri, həm də Qərb fayda götürür. Ona görə düşünürəm ki, bu siyasət həm Azərbaycanın təhlükəsizlik qarantiyasıdır, həm də dünyada sülhə, dialoqa və iqtisadi tərəfdaşlığa öz töhfəsini verir. Azərbaycan öz siyasətində hər zaman birləşdirici rol oynamağa çalışıb və həyata keçirilən işlər, ölkəmizin qlobal görüşlərə ev sahibliyi etməsi bunun bir daha bariz nümunəsidir”.
Rəfiqə NAMAZƏLİYEVA