Nazirlik: Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var

Qazaxıstan və Azərbaycan arasında informasiya texnologiyaları və süni intellekt sahələrində əməkdaşlığa dair böyük potensial mövcuddur və bu istiqamətdə xeyli işlər görülür.

Bunu Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Hava Rabitəsi Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Daniyar Maralbekoviç Meyrbekov APA-nın Astanaya ezam olunmuş əməkdaşına bildirib.

Onun sözlərinə görə, Qazaxıstanda süni intellektin tətbiqi qarşıdakı üç il ərzində iqtisadiyyatın bütün sahələrini tam rəqəmsallaşdırmaq məqsədilə prioritet hədəf kimi müəyyənləşdirilib.

Qazaxıstan bu istiqamətdə ardıcıl və sürətli şəkildə irəliləyir. Bu prosesi bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ – normativ-hüquqi bazadır. Düzgün strategiya qurmaq üçün ilkin olaraq qanunvericilik bazası hazırlanmalıdır. Hazırda süni intellekt haqqında qanunun qəbuluna hazırlıq gedir. Bu qanun balanslaşdırılmış olacaq və süni intellektin etik istifadəsi, texniki iştirak qaydaları kimi məsələləri əhatə edəcək. Qanunun bu ilin sonuna qədər parlamentdə qəbul olunması gözlənilir. Eyni zamanda “Rəqəmsal kodeks” üzərində də iş aparılır ki, bu da iqtisadiyyatın rəqəmsallaşmasına xidmət edən əsas sənədlərdən biri olacaq. İkinci mərhələ – infrastrukturun formalaşdırılmasıdır. Bu istiqamətdə artıq xeyli addımlar atılıb. Ölkədə “OlimpAI” Süni İntellekt Mərkəzi açılıb, Süni İntellekt üzrə Prezident Şurası yaradılıb. Şuranın ilk iclası bu il “Digital Bridge” forumu çərçivəsində keçirilib və onun tərkibinə dünyanın müxtəlif ölkələrindən ekspertlər daxil edilib,” deyə o, əlavə edib.

Nazirliyin idarə rəhbəri onu da qeyd edib ki, Qazaxıstanda Mərkəzi Asiyanın ən böyük superkompüteri istifadəyə verilib: “Onun bazasında “KAZ LLM” adlı Qazax dili modeli hazırlanır. Bu layihə süni intellektin iqtisadi inkişaf üçün sistemli və düzgün istifadəsinə yönəlib. Üçüncü mərhələ – insan resurslarının hazırlanmasıdır. “OlimpAI” mərkəzinin bazasında müxtəlif yaş qrupları üçün tədris proqramları açılacaq. 12–18 yaş arası gənclər üçün süni intellekt üzrə müxtəlif istiqamətlərdə kurslar keçiriləcək (video montaj, agentlərin tətbiqi və s.). Bu mərhələdən sonra tələbələr üçün ixtisaslaşmış proqramlar, daha sonra isə mərkəzin 8 mərtəbəli binasında yaradılacaq “R&D Lab” – elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərəcək. Burada dünya üzrə “big tech” şirkətləri ilə birgə innovativ layihələr reallaşdırılacaq. Yəni, şagird 11–18 yaş aralığında təhsil alır, sonra tələbə olur, daha sonra isə öz potensialını həmin laboratoriyalarda və tərəfdaşlarla birlikdə reallaşdıra bilir. Bu, kompleks və mərhələli bir yanaşmadır.”

Direktor hesab edir ki, bu istiqamətdə çox böyük potensial var. “Məsələn, CAS LLM modelindən danışdıq – ölkələrimizin dil qrupları oxşar olduğuna görə bu təcrübədən Azərbaycan dili üçün də oxşar dil modeli (LLM) hazırlanmasında istifadə etmək olar. Bu yanaşma digər türk dilləri üçün də keçərlidir, çünki struktur baxımından bir çox ortaq cəhətlər mövcuddur. Bundan başqa, əməkdaşlıq üçün digər istiqamətlər də var. Məsələn, “GovTech” sahəsində Qazaxıstan xeyli irəliləyib. Azərbaycan da bu istiqamətdə qabaqcıl təcrübəyə malikdir – ASAN Xidmət və Sosial İnnovasiyalar Agentliyinin uğurlu həlləri buna nümunədir. Mən hesab edirəm ki, bu sahədə təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması üçün böyük imkanlar var. Ümumilikdə, ikitərəfli əməkdaşlıq istiqamətində çox geniş potensial mövcuddur.