- Müşahidə məntəqəsi
- 28 Oktyabr 2024 21:12
- 6 110
FETÖ... DAXİLİ ZİDDİYƏTLƏR VƏ BOŞ QALAN KRESLO

“FETÖ terror qruplaşmasının lideri Fətullah Gülənin ölümündən sonra təşkilata rəhbərlik uğrunda mübahisələrin başladığı bildirilir. Məlumata görə, ABŞ və Avropada bu məsələ ilə bağlı müzakirələr aparılır. Təşkilatın fəaliyyəti üçün ayırılan milyonlarla vəsait və Güləndən qalan çox sayda mülklərin kimin nəzarətinə veriləcəyi hələlik bəlli deyil. İddialara görə, boşalan rəhbərlik postu uğrunda daxili çəkişmələr güclənib. Həmçinin ölümündən əvvəl Gülənin Türkiyədə, anasının məzarının yanında dəfn olunmasını vəsiyyət etdiyi deyilir”.
“Hələ Fətullah Gülən ölməmişdən öncə FETO terror təşkilatının daxilində ziddiyyətlər var idi və bununla bağlı məlumatlar müxtəlif dönəmlərdə mətbuata sızırdı. Ona görə də Güləndən sonrakı dönəmdə təşkilatın daxilində olan ziddiyyətlərin parçalanmağa yol açacağı ehtimalları çox yüksəkdir. Təşkilatın dünyanın əksər bölgələrində nümayəndələri fəaliyyət göstərir. Dövriyyədə milyardlarla dollar və eyni zamanda mülklərdən söhbət gedir ki, bunlar təbii ki, təşkilat daxilində müəyyən mübahisələrin olacağını qaçılmaz edir. Bu vəsaitə nəzarət imkanların ələ keçirilməsi ilə bağlı qarşıdurma olacaq və buna yol açan müxtəlif tendensiyalar da var”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O bildirib ki, xüsusilə Türkiyə FETO terror təşkilatını haqlı olaraq özünə təhdid kimi görür.
“Təşkilatın ləğvi istiqamətində müxtəlif addımlar atıb. Təşkilata sarsıdıcı zərbələr endirilsə də, amma tamamilə ləğv olunmayıb və müxtəlif dövlətlərdə, əsasən isə Birləşmiş Ştatlarda fəaliyyətini davam etdirir. Lakin bundan sonrakı dönəmdə təşkilatın daha da zəifləyəcəyi şübhəsizdir. Eyni zamanda, bilirsiniz ki, müasir çağırışlara artıq proksi qüvvələr və FETO terror təşkilatı kimi təşkilatlar müasir dövrün çağırışlarına cavab vermir və bu istiqamətdə yeni yanaşmalar var. Hesab edirəm ki, Türkiyə bu və digər faktorlardan istifadə edərək təşkilatın tamamilə çökdürülməsi istiqamətində ciddi addımlar atacaq. Gülən Türkiyədə birmənalı, çox mənfi şəxs olaraq qarşılanır. Çünki Fətullah Gülən istər Türkiyə dövlətinin zəiflədilməsi, istərsə də ideoloji olaraq cəmiyyətin parçalanması istiqamətində ciddi addımlar atıb. Türkiyə dövlətinə zərbələr vurub. Ona görə də Fətullah Gülən hələ uzun illər, ümumiyyətlə Türkiyə tarixində arzuolunmaz və lənətlənmiş şəxs olaraq qalacaq”.
Rəfiqə NAMAZƏLİYEVA