"Trampın vədlərini yerinə yetirib- yetirməməsi zamanla bəlli olacaq" - siyasi şərhçi

“Gözlənildiyi kimi, Donald Trampın prezidentliyə başlaması bütün dünyada müəyyən qədər gərginliyə səbəb oldu və qlobal siyasətdə bir sıra artıq böhran elementləri görünməyə başladı. Həmçinin, keçmiş böhrandan miras qalan bir sıra münaqişə ocaqlarının qapanmasına da gətirib çıxardı. Məsələn, Yaxın Şərqdəki İsrail-Fələstin qarşıdurması dayandırıldı. Ancaq eyni zamanda Trampın açıqlaması ilə Yaxın Şərqdə daha böyük qalmaqalın əsasının qoyulması prosesi başlanıldı. Qəzzadakı fələstinlilərin İordaniya və Misir ərazilərinə köçürülmə prosesi başladı ki, bu da böyük bir qalmaqala gətirib çıxaracaq məsələdir. Bununla yanaşı, ABŞ-Çin qarşıdurması, həmçinin ABŞ-ın Avropa İttifaqı ilə münasibətlərində gərginlik müşahidə olunur, İranla bağlı bölgədə qeyri-müəyyənlik davam edir. İrana qarşı hərbi əməliyyatların başlanacağı ilə bağlı fikirlər səsləndirilir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, Donald Trampın ölkə daxili siyasəti də mübahisələrə səbəb oldu.

“Prezidentliyinin ilk günündə yüzə qədər sərəncam imzaladı. Həmçinin, Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsi məsələsi də geniş müzakirələrə yol açdı. Trampın ərazi iddiaları ilə bağlı açıqlamaları isə Avropa ölkələri ilə ABŞ arasında gərginliyə səbəb ola bilər. Lakin düşünmürəm ki, bu müddətdə, yəni dörd il ərzində, Amerika Birləşmiş Ştatları öz ərazilərini genişləndirə bilsin. Çünki bu, kifayət qədər böyük və mürəkkəb bir prosesdir.Bundan sonra hansı proseslərin baş verəcəyi, Trampın öz vədlərinə əməl edib-etməyəcəyi isə zamanla bəlli olacaq”.

Rəfiqə NAMAZƏLİYEVA