- Müşahidə məntəqəsi
- 6 May 21:33
- 1 498
"Araz Yolu Mübahisəsi: Alternativ, Yoxsa Əlavə?"

“İran ərazisindən keçməsi nəzərdə tutulan Araz yolu marşrutu Azərbaycanın nəqliyyat və kommunikasiya strategiyasında mühüm yer tutur. Bu yolun əsas əhəmiyyəti, Azərbaycanın materik hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin qurulmasıdır. Bu layihə, uzun müddətdir mövcud olan nəqliyyat və logistika problemlərinin aradan qaldırılması baxımından ciddi strateji önəm daşıyır. Araz yolunun digər bir əhəmiyyəti də Azərbaycan-İran münasibətlərinə potensial təsiridir. İki ölkə arasında belə bir nəqliyyat-kommunikasiya layihəsinin reallaşması, münasibətlərin daha dərin və qarşılıqlı faydalı mərhələyə keçməsinə zəmin yarada bilər. Bu, həm regional əməkdaşlıq, həm də İran üçün geoiqtisadi imkanların genişlənməsi baxımından əhəmiyyətlidir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Xatırladaq ki, İranla Azərbaycan arasında danışıqlar fonunda gündəmə gələn “Araz yolu” layihəsi mübahisələr doğurub. İranlı ekspertlər bu marşrutu Zəngəzur dəhlizinə alternativ kimi təqdim etsələr də, Bakı bu yanaşmaya qarşı çıxır. Rəsmi mövqeyə görə, “Araz yolu” əhəmiyyətli olsa da, Zəngəzur dəhlizinin yerini tutmamalıdır. Azərbaycan hər iki marşrutun paralel şəkildə açılmasını vacib sayır. Tehranın Zəngəzura qarşı çıxışı isə bu məsələnin daha geniş geosiyasi rəqabətin tərkib hissəsi olduğunu göstərir.
Siyasi şərhçinin fikrincə, baxmayaraq ki, Araz yolu mühüm regional əhəmiyyət kəsb edir, Azərbaycanın nəqliyyat strategiyasında əsas prioritet məhz Zəngəzur dəhlizidir.
“Zəngəzur dəhlizi təkcə Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin yaradılmasını deyil, eyni zamanda Cənubi Qafqazın qlobal nəqliyyat və ticarət marşrutlarına inteqrasiyasını nəzərdə tutur. Bu dəhliz vasitəsilə Asiya və Avropa arasında yeni bir tranzit xətti yaradılacaq və Azərbaycan regionun logistik mərkəzinə çevriləcək. Zəngəzur dəhlizinin reallaşması türk dünyasının inteqrasiyası, eləcə də Avropa ilə Asiya arasında iqtisadi və ticari münasibətlərin genişlənməsi baxımından qlobal əhəmiyyətə malikdir. Avropa ölkələri, ümumiyyətlə, İrandan keçən marşrutlara deyil, daha təhlükəsiz, şəffaf və siyasi cəhətdən sabit alternativlərə üstünlük verirlər. Bu baxımdan Zəngəzur dəhlizi Araz yolundan fərqli olaraq, əvəzolunmaz geostrateji layihə kimi dəyərləndirilir”.
Siyasi şərhçi əlavə edib ki, İranın Araz yolunu Zəngəzur dəhlizinə alternativ kimi təqdim etməsi reallıqdan uzaq və strateji baxımdan əsassız yanaşmadır:
“Bu cəhd, əslində, Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa yönəlmiş bir strategiyadır. Lakin rəsmi Bakı bu məsələdə qətiyyətlidir və Zəngəzur dəhlizinin reallaşması üçün bütün imkanlarını səfərbər edib. Azərbaycanın bu sahədəki iradəsi və regional proseslərdəki mövqeyi onu göstərir ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır və bu dəhliz yaxın gələcəkdə Cənubi Qafqazda yeni iqtisadi-siyasi mərhələnin başlanğıcını qoyacaq. Nəticə etibarilə, Araz yolu və Zəngəzur dəhlizi fərqli strateji çəkilərə malik nəqliyyat layihələridir. Araz yolu regional inteqrasiya və ikitərəfli əməkdaşlıq baxımından əhəmiyyətli olsa da, Zəngəzur dəhlizi qlobal səviyyədə iqtisadi, geosiyasi və logistik dəyər daşıyan layihə kimi çıxış edir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az