ABŞ xarici siyasətində istiqamət dəyişir: Yeni dünya düzənində Vaşinqtonun rolu

“ABŞ-də demokratlardan respublikaçılara keçid yalnız daxili siyasi dinamikada deyil, xarici siyasət strategiyasında da ciddi dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər təkcə Rusiya-Ukrayna münasibətlərinə təsir etmədi, eyni zamanda beynəlxalq münasibətlər sistemində ABŞ-nin rolunun yeni şəkildə təyin olunmasına gətirib çıxardı. Prosesləri düzgün qiymətləndirmək üçün səthdən kənara çıxaraq, dərin strateji və geosiyasi analizə ehtiyac var. Bütün dünya kimi ABŞ da qlobal transformasiya mərhələsindədir”

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Xatırladaq ki, Ukrayna, Co Baydenin prezidentliyi dövründə ABŞ üçün əsas prioritetlərdən biri idi. Donald Trampın yenidən hakimiyyətə qayıtmaq ehtimalı fonunda isə Kiyev sadəcə çoxsaylı potensial silah alıcılarından birinə çevrilib. Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemlərini almaq üçün tələb olunan məbləği ödəməyə hazırdır. Lakin hazırda Ağ Evin bu məsələ ilə bağlı mövqeyi qeyri-müəyyəndir.

Deputat bildirib ki, müasir dövrdə yeni dünya düzəni formalaşır və bu kontekstdə ABŞ-ın xarici siyasət prioritetləri də dəyişməkdədir.

“Təəssüf doğuran məqam isə odur ki, bu dəyişikliklər zamanı əvvəllər toxunulmaz hesab edilən beynəlxalq hüquq prinsipləri – xüsusilə də dövlətlərin ərazi bütövlüyü prinsipi – getdikcə daha az müdafiə olunur. Bu tendensiya beynəlxalq münasibətlərdə ciddi gərginliklərin və yeni münaqişələrin yaranması üçün təhlükəli zəmin yarada bilər. Bayden administrasiyası dövründə ABŞ Ukraynaya verdiyi hərbi və siyasi dəstəklə açıq şəkildə Kiyevin ərazi bütövlüyünü dəstəkləyirdi. Lakin Trampın mövqeyi daha qeyri-müəyyən və praqmatik olub. Onun siyasi ritorikasında və praktiki addımlarında Ukraynanın ərazi bütövlüyü məsələsi prioritet kimi təqdim olunmur. Bu da Vaşinqtonun qlobal məsələlərdəki ardıcıl mövqeyinin zəifləməsi kimi qiymətləndirilə bilər. Hazırkı vəziyyət bir növ siyasi və hərbi pat durumu kimi qiymətləndirilə bilər. Nə diplomatik irəliləyiş var, nə də hərbi baxımdan həlledici dəyişiklik. ABŞ-nin bu məsələdəki rolu həlledici olaraq qalır – həm Ukraynaya verilən silah və sursat baxımından, həm də beynəlxalq siyasi dəstək kontekstində”.

Deputat əlavə edib ki, münaqişənin yalnız atəşkəslə məhdudlaşması, konkret öhdəlik və hüquqi çərçivə olmadan başa çatması gələcəkdə daha genişmiqyaslı və təhlükəli qarşıdurmaların yaranması riskini artırır:

“Ukrayna xalqının tarixi iradəsi və ərazi bütövlüyünə bağlılığı onlara təzyiq və güzəşt yolu ilə istənilən məqsədi qəbul etdirməyi mümkünsüz edir. Hazırkı mərhələdə Ukrayna görünür ki, bu vəziyyətlə müəyyən qədər barışmalı olacaq. ABŞ-dəki növbəti hakimiyyət dəyişikliyi isə bəlkə də Rusiya-Ukrayna münasibətlərinə yeni mərhələnin başlanması üçün əsas faktor ola bilər. Hazırkı reallıqda isə münaqişənin gedişində əsas istiqamətləri hələ də Vaşinqtonun siyasi qərarları və dəstək siyasəti müəyyən edir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az