- Müşahidə məntəqəsi
- 30 May 19:11
- 2 724
Trampın Tayvan siyasəti: ABŞ-Çin qarşıdurmasının yeni mərhələsi

“Birinci növbədə, Trampın bu addımı ABŞ-ın Asiya-Sakit okean strategiyasının bərpasına yönəlmiş cəhddir. Co Bayden dövründə yumşaq gücə əsaslanan yanaşma Çinin qarşısında yetərincə effektiv görünmədi. Tramp isə həm ritorikasında, həm də praktiki siyasətində daha sərt xətti təmsil edir. Tayvana silah tədarükünü artırmaq qərarı da bu sərt yanaşmanın bariz nümunəsidir. İkinci olaraq, bu qərar Tayvanla bağlı texnoloji və strateji maraqlarla birbaşa bağlıdır. Tayvan yalnız siyasi baxımdan deyil, eyni zamanda dünyanın ən böyük mikroçip istehsalçılarından biri kimi texnoloji dominantlıq uğrunda mübarizənin mərkəzində dayanır. ABŞ bu sahədə həm öz texnoloji təhlükəsizliyini qorumaq, həm də Çinin qabaqlayıcı üstünlüyünün qarşısını almaq niyyətindədir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, “Röyter”in məlumatına görə, Donald Tramp prezidentliyə qayıdacağı halda, ABŞ Tayvana silah tədarükünü əhəmiyyətli dərəcədə artıracaq. Bildirilir ki, qarşıdakı dörd ildə bu rəqəm Trampın əvvəlki dövründən də yüksək ola bilər. Xatırladaq ki, Trampın birinci prezidentliyi zamanı Tayvana 18,3 milyard dollar dəyərində silah satılmışdı. Bayden dövründə isə bu göstərici 8,4 milyard dollar olub. Mənbələrə görə, ABŞ hakimiyyəti, xüsusilə Tramp, Çinə qarşı sərt siyasəti davam etdirmək niyyətindədir. Tayvana silah satışı bu kursun tərkib hissəsi kimi qiymətləndirilir.
Siyasi şərhçinin fikrincə, üçüncü əsas məqam ondan ibarətdir ki, ABŞ-Çin qarşıdurması lokal deyil, sistem xarakteri daşıyır.
“Tayvan burada yalnız taktiki bir mövqedir. Əslində isə ABŞ liberal dünya nizamını, Çin isə çoxqütblü və avtoritar modellərə açıq yeni düzəni təmsil edir. Silah satışları bu iki fərqli dünya baxışının toqquşma nöqtəsində baş verir. Tayvana silah tədarükünün artırılması həm də regionda yeni güc balansının formalaşdırılması deməkdir. Burada Yaponiyanın, Avstraliyanın və Cənubi Koreyanın mövqelərində də dəyişikliklər gözlənilir. ABŞ bu addımı ilə həm də bu ölkələrə mesaj verir ki, Çin təhdidinə qarşı birgə mövqe nümayiş etdirmək vacibdir. Ən diqqətçəkən məqamlardan biri də budur ki, Trampın Tayvana silah satması Rusiya-Ukrayna müharibəsi fonunda Çinə yönəlmiş dolayısı mesajlardan biridir. ABŞ göstərmək istəyir ki, Ukraynada olduğu kimi, potensial bir Tayvan böhranında da geri çəkilməyəcək. Nəhayət, bu məsələ yalnız geosiyasi deyil, həm də ABŞ-ın daxili siyasi gündəminin bir hissəsidir. Tramp yenidən prezidentliyə qayıtmaq istəyirsə, “Amerikanın qlobal liderliyini bərpa edən prezident” obrazını gücləndirməlidir. Tayvan məsələsində sərt mövqe də bu imici dəstəkləyir. Bütövlükdə bu qərar onu göstərir ki, dünya postliberal, xaotik bir mərhələyə daxil olub və Tayvan bu xaosun əsas mərkəzlərindən birinə çevrilib. Belə bir şəraitdə hər bir lokal qərar – istər silah satışı, istər hərbi təlim, istərsə də diplomatik bəyanat – qlobal oyunun fiqurudur. Tramp isə bu oyunu daha açıq, sərt və təhlükəli oynamaq niyyətindədir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az